Dördtərəfli görüş olduqca məntiqlidir

2+2 platforması regionda qalıcı sülhün açarı ola bilər

Ermənistan hər məsələdə olduğu kimi bunda da öz fitnə-fəsad mövqeyini ortaya qoyur


Türkiyə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşünün tarixi və yeri ilə bağlı konkret məlumat yoxdur, məsələ hələlik təklif səviyyəsindədir. Bu barədə "RİA Novosti" Türkiyə prezidentinin administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb. Agentlik bildirib ki, görüşün vaxtı və yeri ilə bağlı konkret məlumat yoxdur: "Hələlik məsələ cənab prezidentin təklifi səviyyəsindədir”. Məlumat üçün bildirək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinə dördtərəfli görüş keçirməyi təklif etdiyini açıqlayıb. 
  
Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dördtərəfli görüş təklifinin çox maraqlı və aktual olduğunu deyib. Professor diqqətə çatdırıb ki, Türkiyə bölgənin ən güclü ölkələrindən biridir:
 "Türkiyə hər zaman Azərbaycanın yanında yer almış ən yaxın müttəfiqidir. Şuşa Bəyannaməsindən sonra da Azərbaycan və Türkiyə arasında ikili münasibətlər ən üst müstəviyə qədəm qoyub. Qarşı tərəfdə kağız üzərində müttəfiqlik də olsa Ermənistan və Rusiya ikilisi var. O baxımdan 2+2 platforması çərçivəsində 4 region ölkəsinin rəhbərlərinin bir ara gəlməsi, müzakirə aparması olduqca məntiqli və uğurludur. Mən bunu daha öncə də təklif etmişdim. Balanslı regional siyasətin qalıcı sülhə çevrilməsi üçün bu cür yanaşmalar çox faydalıdır. Əlbəttə, Ermənistan hər məsələdə olduğu kimi bunda da öz fitnə-fəsad mövqeyini ortaya qoyur. Reallıq odur ki, əgər bölgədə daimi barışı, davamlı əməkdaşlığı istəyiriksə, Ermənistan tərəfi həm Azərbaycan, həm də Türkiyə ilə danışıqları davam etdirməli, prosesi başa çatdırmalıdır. Rusiya da mövcud vəziyyətin hansı yerdə olduğunu, Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsini çox yaxşı bilir. Ən önəmli məsələ Türkiyənin bir əsr sonra yenidən Cənubi Qafqazda hərbi varlığını ortaya qoyması geopolitik vəziyyətin nə qədər dəyişməsinin göstəricisidir. Danışıqlar müstəvisi hər tərəf üçün əlverişlidir. Təbii ki, hər kəs öz mövqeyini qorumağa çalışacaq".