Ermənistan Rusiyadan təcrid olunmaq siyasətini davam etdirir
Ermənistanın müdafiə naziri Suren Papikyan Tulaya getməyib və MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmir.
Bu barədə Ermənistan MN-nin mətbuat katibi Aram Torosyan məlumat verib.
Qeyd edək ki, bu gün Tulada MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının hərbi və hərbi-texniki əməkdaşlıq üzrə iclası keçiriləcək.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında politoloq Sultan Zahidov bildirib ki, MDB üzvləri arasında görüş zamanı hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaq:
"Ermənistan son bir neçə ildə Rusiyanın təsir dairəsindən çıxmaq siyasətini yürütməkdədir. Yəni Ermənistan sırf Qərb yönümlü Avropa birliyinə inteqrasiya, Amerika ilə sıx əlaqələrə üstünlük verir. Bu isə Ermənistan və Rusiya arasında münasibətləri pisləşdirməklə yanaşı, eyni zamanda Cənubi Qafqazın geosiyasi xəritəsinə yeni elementlər əlavə etdi. Çünki bu regionda hər zaman Rusiya Ermənistan ittifaqı özünü göstərməkdə idi. Rəsmi İrəvanın şimal qonşumuz ilə iqtisadi, hərbi, enerji və digər sahələrdə dərin əlaqələri mövcud olub. Amma Ermənistanın hazırkı rəhbərliyi buna son verərək yeni müttəfiqlər axtarışındadır. Bütün bunların fonunda artıq Rusiyanın Xarici İşlər Nazirliyinin və Prezidentin mətbuat xidmətinin katibi Dmitri Peskovun çıxışlarında Rusiyanın da Ermənistan rəhbərliyinə etimad göstərmədiyini görürük. Hətta indiki zamanda İrəvanda baş verən etirazların arxasında duran faktorlardan biri də Rusiyadır. Rusiya açıq-aşkar söyləməsə belə, Nikol Paşinyanın Ermənistan rəhbərliyində öz fəaliyyətini davam etdirməsində maraqlı deyil. Bu proseslərin fonunda Surek Papikyanın MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclasına qoşulmaması gözlənilən hal idi. MDB qeyri-rəsmi olaraq Rusiyanın proyekti adlandırılır. Xatırladaq ki, 1991-ci ilin dekabrın 21-də "Alma-ata Bəyannaməsi" ilə MBD yaranıb. Həmin dövrdə Sovet İttifaqı dağıldıqdan sonra Rusiya keçmiş sovet məkanında nüfüz sahibi olmaq üçün bu qurumun yaradılması təklifini vermişdi. Ermənistan özü də daimi olaraq MDB-nin bütün iclasında iştirak edirdi. Amma son proseslər çərçivəsində Ermənistan Rusiyadan və onun üzv olduğuu beynəlxalq təşkilatlardan çəkinməkdədir. İstər Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı( KTMT) istərsə də, Müstəqil Dövlətlər birliyindən Ermənistan üz döndərməkdədir. O cümlədən buraya Avrasiya İqtisadi Birliyini də şamil etmək olar. Ermənistan, əsasən, Rusiyanın həlledici üzv olduğu beynəlxalq qurumlarda iştirakını dayandırmağa doğru gedir".