Rusiya və Ukrayna vahid masada oturmalıdır  - Ritorika dəyişsin...

Avropa İttifaqının (Aİ) yeni sanksiyalarına hazırıq”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

O bildirib ki, yeni məhdudiyyətlər tətbiq oluna bilər: “Lakin əvvəlki təcrübə göstərir ki, sanksiyalar işləmir. Biz cavab tədbirləri barədə düşünəcəyik”.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov söyləyib ki, Avropa İttifaqı və kollektiv Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar artıq Şimal qonşumuz tərəfindən də məsxərəyə qoyulur:

"Çünki Rusiya yaxşı başa düşür ki, bu günə qədər Avropa İttifaqının onlara yönəlmiş sanksiyalarının miqyası və qalıcılığı ciddi şübhə doğurur. Avropa İttifaqının Rusiyaya qarşı qaldırdığı sanksiyalar məhduddur. Bəlkə də hansısa siyasi termindir, heç sanksiya belə adlandıra bilmərik. Almaniya Rusiya ilə Şimal Axını-2 layihəsində əməkdaşlıq edir və Qərb ölkələrinin enerji təhlükəsizliyində əsas bazar Şimal qonşumuzdur. Belə vəziyyətdə Qərb Rusiyaya qarşı hansı genişmiqyaslı sanksiyaları həyata keçirə bilər?  Bu baxımdan Rusiyanın ictimai-siyasi rəhbərliyi də Qərbin uzunmüddətli sanksiyalar tətbiq etməyəcəyini gözəl anlayır. 
Eyni zamanda Qərb tərəfinin bunu etmək üçün imkanlarının mövcud olmadığını da bilir. Ona görə də, Qərbdən Rusiyaya yeni sanksiyalar ilə bağlı hədələr gələndə bunu ciddiyə almırlar. Ola bilsin ki, Qərbdən rus kapitalı şirkətlərə müəyyən bloklayıcı tədbirlər qoyula bilər. Amma dövlət səviyyəsində Rusiyaya qarşı hansısa genişmiqyaslı blokadaların olacağını düşünmürəm. Əlbəttə ki, sanksiyaların tətbiqi Şimal qonşumuzun imkanlarını müəyyən qədər daraldır. Ancaq Ukrayna ərazilərinin qəsb edilməsi prosesində bu sanksiyalar o qədər də keçərli deyil. Nə qədər sərt sanksiyalar tətbiq edilsə belə, Rusiya Ukraynadakı işğalçılıq siyasətini dayandırmır. Bundan sonra ritorika dəyişməlidir. Həmçinin, Rusiya və Ukraynanı vahid masa ətrafında oturtmalıdırlar".