Ermənistan dostunu və düşmənini tanımalıdır - Makron kimiləri onları...

Oktyabrın 26-27-də Tiflisdə Ermənistan və Azərbaycanın baş nazirləri Nikol Paşinyan və Əli Əsədovun iştirakı gözlənilən “İpək Yolu”nun dördüncü beynəlxalq forumu keçiriləcək.

"Sherg.az" Axar.az-a istinadən xəbər verir ki, hər iki baş nazirin tədbirin spikerləri kimi çıxış edəcəkləri gözlənilir.

Builki forumun 60-dan çox ölkədən 2000-ə yaxın iştirakçını, o cümlədən siyasi və biznes liderlərini, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcəyi gözlənilir.

Konfransda müzakirə olunan əsas mövzular bunlardır: yeni Şərq-Qərb ticarət arxitekturası, Orta Dəhlizin artan rolu, rəqəmsal əlaqə, enerji sektorunda diversifikasiya, turizmin davamlılığı və davamlı gələcək üçün şaxələndirilmiş investisiyalar.

Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında Tofiq Abbasov bildirib ki, Ermənistanın bu layihələrə qoşulma vaxtı çoxdan çatmışdı:

"Amma Ermənistan taleyini həll etmək üçün özündə qətiyyət tapa bilmir. Ermənistanın ən böyük problemi ölkənin siyasi rəhbərlik ixtiyarını başqalarına verməkdir. Yəni, Ermənistan özü bir qərar qəbul edə bilmir. Ermənistan öz məsələlərini kimdənsə icazə alaraq həll edir. Yaxud da kənar qüvvələr Nikol Paşinyan hakimiyyətini düz yoldan kənarlaşdırıb, əyri yola sövq edirlər. Bu isə çox böyük bir bəladır. Guya Ermənistanın gerbi, himni və suverenliyi var. Amma bunların hamısı formal xarakter daşıyır. Ermənistanın subyektivliyi ən yaxşı halda belə yarımçıqdır. Ona görə də, Ermənistan bu proseslərə qatılmaq üçün nəzərə almalıdır ki, bölgədə zəlil vəziyyətdə qalmaq özü yolverilməzdir. Çünki bölgə xeyli imkanlar cəmləşdiyi ərazidir və inteqrasiya proseslərində kommunikativ halqa kimi iştirak edir. "Bir kəmər, bir yol" layihəsi ilə bağlı Si Cinpin Çində böyük tədbir keçirtdi. Orada Macarıstan Baş Naziri Viktor Orban, Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak etmişdi. Bunların hamısı bu gün yaşayan dövlət rəhbərləri və liderlərin gələcəyi düşündüyündən xəbər verir. Ermənistan isə bu günün problemləri qarşısında aciz görünür. Bunun günahkarı isə yalnız özləridir. Ermənistan alternativləri nəzərdən keçirə bildiyini göstərməlidir. Amma əksinə ölkənin idarə olunma rıçaqlarını ya Amerikaya, ya da Fransaya verir. Əlbəttə belə olan halda onların ölkəsini hər kəs aldadacaq".

Ekspert onu da qeyd edib ki, Ermənistan bölgədə yaşayırsa, qonşularla vuruşmaq yerinə dost olmağı bilməlidir:  

"Qarşıdurmalar onsuz da Ermənistanı pis vəziyyətə salıb. Ona görə də, bu proseslərin hər biri çox vacibdir. Ermənistanın dağıdıcı siyasətindən əl çəkməsi ilk növbədə özünə xeyir edəcək. Çünki Ermənistanın 30 ilə yaxın işğal siyasətinin necə bitdiyini hər kəs gördü. Prezident İlham Əliyev onları diz çökdürərək, məğlub etdi.

 İndi Ermənistan dünya qarşısında rüsvaydır. Hətta özlərinə bəraət qazandırmağa çalışırlar ki, guya Qarabağda yaşayan erməniləri biz ərazidən çıxarmışıq. Amma Azərbaycan vətəndaşlığını qəbul etmək üçün qeydiyyatdan keçənlər kifayət qədərdir. Azərbaycan göstərir ki, bizim heç kəsin yanında gözümüz kölgəli deyil. Azərbaycan doğru yoldadır və düzgün siyasət aparır. Bu layihələrin hamısında Ermənistan öz imkanlarını götür-qoy etməlidir. Eyni zamanda öz dostunu və düşmənini tanımalıdır. Emmanuel Makrondan Ermənistana dost olmaz. Makron və onun kimiləri Ermənistanı daha pis vəziyyətə salmağa çalışır. Buna görə də, Ermənistan öz qərarlarını öz istəyi ilə verməyi bacarmalıdır".