Paşinyan artıq əlavə problemlər istəmir...

“Nikol Paşinyan “DQR”in (qondarma Dağlıq Qarabağ Respublikası - red.) yekun ləğvi haqqında “fərman”ın mətnindən xəbərdar idi. O, şəxsən Samvel Şahramanyanı Azərbaycanın bütün tələbləri ilə razılaşaraq hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb”.

Bu barədə “Hraparak” erməni nəşrində məlumat verilib.

“Xüsusilə, azərbaycanlılar “Artsax”ın özünü buraxması, “dövlət institutları”nın, “ordu”nun ləğvi, Azərbaycan Silahlı Qüvvələrinə silah-sursatın təhvil verilməsi barədə tələblərin öz əksini tapdığı qərarı Qarabağdakı ermənilərə çatdırarkən Şahramanyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla əlaqə saxlayıb və onun vasitəçiliyi ilə Paşinyanla bircə dəfə telefon danışığı olub. Həmin söhbətdə Ermənistanın baş naziri ondan Azərbaycanın bütün tələblərini dərhal yerinə yetirməyə və müharibənin Ermənistan ərazisinə keçməsinin qarşısını almağa çağırıb”.

Məsələyə münasibət bildirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin direktoru, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında vurğulayıb ki, verilən məlumatın nə dərəcədə düzgün olması ilə bağlı əlimizdə sübut yoxdur: 

"Nikol Paşinyan müharibə ərəfəsində açıq şəkildə savaşa qoyulmayacağını səsləndirmişdi. Daha sonra antiterror tədbirləri zamanı da bu məsələyə qarışmayacağı barədə açıqlamalar vermişdi. Eyni zamanda separatçı rejim ilə bağlı hansısa fikirlər bildirməməsi Paşinyan hökumətinin reallığı qəbul etdiyi anlamına gəlir. Paşinyanın bu fikirləri gözdən pərdə asmaq üçün dediyini yoxsa səmimi dilə gətirdiyini demək çətindir. 
Amma hər halda Nikol Paşinyanın atdığı addımlar və bəyanatlar göstərir ki, o, bu məsələnin bağlandığını başa düşür.  Paşinyan artıq əlavə problemlər istəmir və bunun üçün gələcək addımları hesablayır. Çünki ölkə daxilində gərginlik yetərincə var. Həmçinin, Rusiya ilə münasibətlərinə görə müxalifət Nikol Paşinyanın üzərinə gəlir. Ona görə də, bir tərəfdən də Azərbaycan ilə problem yaşamaq istəmir. Paşinyan həqiqətən də bu fikirləri səmimi səsləndirə bilər. Əksinə olaraq düşdüyü vəziyyətdən çıxmaq üçün də müvəqqəti olaraq belə deyə bilər. Amma Ermənistan tərəfindən yenə də hansısa ciddi bir bəyanatın olduğunu gözləmək çətin məsələdir".