Ermənistanın real iqtisadiyyatının 70 faizindən çoxu Rusiyadan asılıdır - RƏY

Kollektiv Qərb və Türkiyə Ermənistanı Rusiyadan qoparmaq vəzifəsini qarşısına məqsəd qoyub.

Bunu Ermənistan Respublika Partiyasının keçmiş vitse-spikeri və katibi Eduard Şarmazanov deyib.

Şarmazanov qeyd edib ki, Ermənistanda baş verən “rəngli inqilab” Qərbin və Türkiyənin himayəsi altında baş verib:

“Bu inqlabdan əsas faydalanan ABŞ Prezidentinin təhlükəsizlik üzrə sabiq müşaviri Con Boltondur. Bolton İrəvanı tarixi nümunələrdən əl çəkməyə çağırmışdı. Kollektiv Qərbin və Türkiyənin məqsədi Ermənistanı Rusiyadan qoparmaq, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaqdır və Paşinyan könüllü olaraq onların alətinə çevrilib. Qərb istər 44 günlük müharibə zamanı, istərsə də ermənilərin Qarabağdan kütləvi şəkildə köçməsində gurultulu bəyanatlardan başqa heç nə etməyib”, - o bildirib.


Eduard Şarmazanovun fikirlərinə münasibət bildirən politoloq Anar Əliyev "Sherg.az"a açıqlamasında deyib ki, son vaxtlar Ermənistanın ruspərəst siyasi xadimləri tərəfindən Nikol Paşinyan hakimiyyətini Rusiyanın nəzarətindən çıxarmaq istiqamətində Qərbin və Türkiyənin planlarının olduğunu vurğuladıqlarını görürük:

"Xüsusilə mövcud hakimiyyəti Qərbin və Türkiyənin maraqlarına xidmət etməkdə, Rusiyanı Cənubi Qafqazda sıxışdırmaqda və Ermənistanı bölgədə Qərbin bir alətinə çevirməkdə günahlandırırlar. Burada kifayət qədər ziddiyyətli və reallığı əks etdirməyən mövqelər mövcuddur. Eyni zamanda bu fikirlərin arxasında məqsədli planlar dayanır. Birincisi, kollektiv Qərbin və Türkiyənin Cənubi Qafqazla bağlı planlarında çox ciddi fərqlər özünü göstərir. Bu gün kollektiv Qərb Cənubi Qafqazda destabilləşməyi özünün geostrateji maraqlarının əsas elementi hesab edib. Həmçinin, kollektiv Qərb Azərbaycan və Ermənistan arasında sülh münasibətlərinin normallaşması, xüsusilə də onlardan kənar nizamlanmasını özünün maraqlarına zərbə kimi qiymətləndirir. Türkiyənin yanaşması isə Cənubi Qafqazda davamlı sülhün əldə edilməsi, Azərbaycan Ermənistan və Ermənistan Türkiyə arasında münasibətlərin qurulmasını diqtə edir. Türkiyə Cənubi Qafqazda sülhə faktiki olaraq qaranti rolunu oynayır. Bu mənada Türkiyə və Qərbin Ermənistan, Cənubi Qafqazla bağlı eyni xəttlə çıxış etməsi kimi səsləndirilən fikirlər qətiyyən reallıqlara uyğun deyil".

Analitik onu da söyləyib ki, deyilən fikirlər real deyil, daha çox siyasi məqsədlər gedir: 

"Qərbin Nikol Paşinyanın hakimiyyətə gətirilməsində rolu nə qədər düzgün dəyərləndirilsə də, Paşinyanın açıq şəkildə Anti - Rusiya mövqeyini real proseslər kimi qiymətləndirilməsi tərafdarı deyiləm. Çünki Paşinyan və Ermənistan hakimiyyəti çox gözəl anlayır ki, nə Fransa, nə də ABŞ onlara qarşı Rusiyanın üzərinə götürdüyü təhlükəsizlik zəmanətini vermək gücündədir. Ermənistanın real iqtisadiyyatının 70 faizindən çoxu birbaşa Rusiyadan asılıdır. Eyni zamanda təhlükəsizlik məsələlərinin bir çoxu, xüsusilə də, sərhədlərin qorunması, bank maliyyə sistemi və nəqliyyat tamamilə Şimal qonşumuzun nəzarəti altındadır. Belə şəraitdə Ermənistanın Qərbin sifarişi ilə Rusiyadan açıq şəkildə uzaqlaşma siyasəti onlar üçün intihara bərabər addımdır. Ona görə də, Paşinyan və komandasının Anti - Rusiya ritorikası daha çox populist davranışdır. Realda Ermənistanın Rusiyaya qarşı ciddi addımlar atmaq potensialı yoxdur. Ermənistanın tezliklə KTMT-dən uzaqlaşması, bu missiyanı Avropa və Fransanın üzərinə götürməsi ütopiyadan başqa bir şey deyil".