ABŞ Türkiyəni NATO-nun məhsuldar üzvü hesab edir.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller amerikalı qanunvericilərin İsrailin Qəzza zolağındakı hərəkətlərini tənqid etdiyinə görə Türkiyəni alyansdan çıxarmaq çağırışlarına cavab verərkən deyib.
“Əlbəttə ki, Türkiyə rəhbərliyi ilə fikir ayrılığına düşməyimiz ilk dəfə deyil. Bununla belə, biz onları hələ də NATO-nun məhsuldar və faydalı üzvü hesab edirik. Və biz razılaşdığımız məsələlərdə onlarla işləməyə davam edəcəyik. Həm də aramızda fikir ayrılıqları olduğunu onlara aydın şəkildə bildiririk”, - o bildirib.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında politoloq Aytən Qurbanova vurğulayıb ki, bu, Türkiyənin Alyansdan çıxarılması ilə bağlı ilk müzakirələr deyil:
"Türkiyənin Qərblə mövqeyində ziddiyyət yarandığı istənilən məqamda bu məsələ hər zaman gündəmə gətirilir. Təbii ki, belə bir addımın atılmasının əsas səbəbi Türkiyəyə təzyiq göstərərək ziddiyyətli məsələlərdə geri addım atmasına nail olmaqdır. Amma Türkiyə hər zaman xarici siyasət prioritetlərində milli maraqlar kontekstindən çıxış edib və belə demarş xarakterli fikirlər heç vaxt təsir gücünə malik olmayıb. Ona görə Amerika başda olmaqla NATO-nun bütün üzvləri əvvəlki hadisələrdə olduğu kimi bu vasitəylə də Türkiyənin Fələstin məsələsi ilə bağlı mövqeyində dəyişikliyə səbəb olacaq hər hansı bir manevr imkanı əldə edə bilməyəcəklərini çox gözəl anlayırlar. Amma yenə də bu kartdan hər dəfə istifadə etməyə davam edirlər".