Rusiya dirəniş göstərir: "Öz xoşları ilə çıxsınlar!"  - RƏY

Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin Qarabağ iqtisadi rayonu ərazisində rotasiyası başa çatır.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Hərbi texnika planlı təmir üçün Qarabağdan Rusiyaya göndərilir”, - nazirliyin məlumatında deyilir.
Məsələyə münasibət bildirən hərbi ekspert Elxan Şıxəliyev "Sherg.az"a vurğulayıb ki, rus sülhməramlılarının həm texnika, həm də şəxsi heyətinin bölgədən çıxarılması üzərinə foto materiallar və ümumi məlumatlar yayılır:

" Ruslar hələ də özlərinin bölgədə olduqlarını bildirmək istəyirlər. Amma bu o demək deyil ki, onlar bölgədən heç zaman getməyəcək. Yəni artıq münaqişə tərəfi olmadığı üçün Rusiya sülhməramlılarına ehtiyac belə yoxdur. Bu məsələ üç tərəfli bəyanata əsasən 2025-ci ilin sonuna 6 ay qalmışa qədər irəli çəkilə də bilər. Rusiyanın 1960 nəfərdən ibarət sülhməramlıları  ehtiyac olmadığı halda bölgədə saxlamasına səbəb Xocalıdakı hərbi baza və postlardır. Ümumiyyətlə, bu postların 70-80%-i ləğv edilib. Rusiya birgə fəaliyyət üçün sonuna qədər dirənəcək. Amma əsaslı səbəbləri  yoxdur. 
Rusiya sülhməramlıların çıxarılmasını öz xoşu ilə etsə, daha yaxşı olar. Rusiyanın Ermənistanda rus yönümlü rəhbəri gətirmək və yaxud yenidən bölgəyə ermənilərin gətirilməsini təmin edərlər kimi  planları var. Amma bu zaman Azərbaycanın planlarını hesaba qatmırlar. Qarabağ Azərbaycanın daxili məsələsidir və orada ikinci bir ölkənin qüvvəsinə ehtiyac da yoxdur. Rusiya sülhməramlıları gedəcək və getməyə məcburdurlar. Sadəcə olaraq bölgədə müəyyən qədər hərbi infrastruktur və qərargahları var. Onları isə birdən-birə sıfırlamaq mümkün deyil. Bunu erkən etsələr daha faydalı olacaq. Çünki həmin hərbçilərə burada deyil, Ukrayna savaşında daha çox ehtiyac duyulur. Rusiya sülhməramlılarının  və monitorinq mərkəzinin çıxarılmasını gözləməliyik. Təbii ki, cəmiyyətdə bunun üzərinə olan narahatlığı başa düşüləndir. Amma bilməliyik ki, sülhməramlıların ambisiyaları əvvəlki kimi deyil".