Rusiya gəmilərini Qara dənizin şərqinə çəkir, lakin Ukrayna müdafiə qüvvələri ora da çatacaq.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Ukraynanın dünya bazarına çıxışını təmin etmək üçün mübarizə aparan və çalışan hər kəsə minnətdaram. Nəticələr yaxşıdır. Rusiya Qara dənizə nəzarəti tədricən itirir və akvatoriyanın şərq hissəsinə çəkilir. Biz ora da çatacağıq", - V.Zelenski qeyd edib.
Zelenskinin fikirlərini şərh edən politoloq Aytən Qurbanova "Sherg.az"a söyləyib ki, Rusiyanın müharibədə məğlub olduğunu demək üçün Krım və Şərqi Ukrayna da daxil olmaqla bütün Ukrayna əraziləri işğaldan azad olunmalıdır:
"Rusiya NATO təhlükəsini sərhədlərindən uzaqlaşdırılmaq və həmin ərazilərin işğalını legitimləşdirmək üçün danışıqlar masasına oturmaq niyyətindədir. Bütün atılan addımlar da bu istiqamətdədir. Nə dünyanın bir çox dövlətlərinin Ukraynaya verdiyi dəstək, nə də Rusiyanın gücünün zəifləməsi istiqamətində atılan addımlar müharibənin gedişində əsaslı dönüm nöqtəsi yaradıb. Baş verənlər Ukraynanın qələbəsini təmin etməyə də müvəffəq olmayıb. Müharibənin nəticəsi ilə bağlı qətiyyətli fikir bildirmək doğru olmaz. Yalnız Ukraynanın ərazi bütövlüyünün və bütün əraziləri üzərində mütləq suverenliyinin bərpa olunduğu təqdirdə Rusiyanın məğlubiyyətindən danışmaq olar. Yeni dünya nizamında zəifləyən Rusiya və tamamilə dağıdılan Ukrayna fonunda yenidən 24 fevral 2022-ci il tarixinə qədərki status-kvonun bərpa olunmasına gətirib çıxara bilər".