Kamal bay-bay oldu...Özgür Özəl Kılıçdaroğludan da antimilli bir şəxsdir - ŞƏRH

"O, Kılıçdaroğludan daha çox terrorçular ilə rəqs edəcək və ABŞ səfirliklərində görüşlər keçirəcək"


Cümhuriyyət Xalq Partiyasında (CHP) lider dəyişikliyi heç nəyi dəyişməyəcək.

Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.

“Dünən ana müxalifət partiyasının qurultayı oldu. Bay Kamal kiminlə vidalaşdı? O, Ədirnədəki terrorçubaşıya “görüşənə qədər” dedi. Onlar bir-birindən heç nə ilə fərqlənmirlər. Onlar terror təşkilatı ilə çiyin-çiyinə addımladılar”, - Ərdoğan bildirib.

Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayının ikinci turunda Özgür Özəl 812 səs toplayaraq, CHP-nin yeni sədri seçilib.


Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bildirib ki, Ərdoğan bay-bay Kamal dedi, axırda həqiqətən də Kamal bay-bay oldu: 

"Ərdoğan fikirləri həqiqəti əks etdirir və tamamilə doğrudur. Çünki siyasətdə əsas nəticədir.  Dəniz Baykal da istefa verən zaman deyirdilər ki, CHP şəxslərə bağlanmayan partiyadır. Sonra Kəmal Kılıçdaroğlu liderliyə gəldi. Kılıçdaroğluna da böyük ümidləri var idi. Yeni qüvvə və sima olaraq Kılıçdaroğlunun çizgisini yaratmışdılar. Amma, o, bütün seçkiləri iqtidar partiyasına uduzdu. Eyni zamanda partiya daxili seçkilərə də məğlub oldu. İndi isə CHP-yə Özgür Özəl gəlib. CHP-də əsas simalar deyil, yaşasın demokratiya kimi fikirlər səsləndirir. Demokratiya yaşamaqla deyil, İqtidara gəlmək ilə əldə edilir. Sən partiya daxili demokratiya qurub müxalifətdə qalacaqsansa, o demokratiya heç kimə lazım olmayacaq". 

Analitik həmçinin, qeyd edib ki, Mustafa Kamaldan sonra CHP heç vaxt Türkiyədə tək başına İqtidar ola bilməyib:

" Bu isə türk xalqının CHP-yə olan münasibətidir. Ümumiyyətlə, Dəniz Baykaldan getdikdən sonra CHP-nin milli qolu zəiflədi. Onun yerinə liberallar, qlobolistlər gəldilər. Özgür Özəl və Kılıçdaroğlu arasında böyük fərq yoxdur. Özgür Özəl Kılıçdaroğludan da antimilli bir şəxsdir. O, Kılıçdaroğludan daha çox terrorçular ilə rəqs edəcək və Amerika səfirlikləri ilə görüşəcək. Bu isə Türkiyə daxilində nə ona, nə də partiyasına nüfüz qazandırmayacaq".