Blinken və Hakan Fidanın görüşü çox vacib bir hadisədir - POLİTOLOQ

"Fövqal qüvvələr anlayır ki, İsrail və HƏMAS qarşıdırması çox böyük fəlakətin meydana gəlməsinə səbəb ola bilər"
ABŞ  Ankaranın proseslərə qatılmasını istəyir


Bu gün Ankarada Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ-nin Dövlət katibi Antoni Blinken arasında baş tutan təkbətək görüşün bəzi detalları məlum olub.

Türkiyə XİN-inə yaxın mənbələrdən əldə edilən məlumata əsasən, iki ölkənin rəsmiləri Qəzzada mülki şəxslərin taleyi, eyni zamanda, humanitar yardım dəhlizi ilə bağlı məqamlar üzərində xüsusi dayanıblar.

Həmçinin, İsveçin NATO-ya qəbulu prosesi də müzakirə predmeti olub.


Məsələyə münasibət bildirən politoloq Tofiq Abbasov "Sherg.az"a vurğulayıb ki, Blinken və Hakan Fidanın görüşü çox vacib bir hadisədir:

"Çünki yaxın Şərqdəki böhranın mənfi çalarları durmadan artır. Ona görə də, fövqal qüvvələr anlayır ki, İsrail və HƏMAS qarşıdırması çox böyük fəlakətin meydana gəlməsinə səbəb ola bilər. Hər halda proses məhz bu istiqamətdə inkişaf edir. İsrail kortəbii şəkildə özünün dağıdıcı potensialını istifadə etməklə dünya birliyinə bir növ təhdid törədir.  İsrail elə bir qiymətə layiq görüləcək ki, onu hərbi cinayətlərdə ittiham edəcəklər kimi BMT dəhlizlərində fikirlər səsləndirilir. Regionda Türkiyə bu məsələlərə biganə deyil. Amerika Birləşmiş Ştatları çox gözəl anlayır ki, hər hansısa məqamda üçüncü qüvvələrin prosesə müdaxiləsinə böyük ehtiyac duyulacaq. Türkiyə həm Qərbin, həm BMT və Avropa İttifaqının mandatından istifadə edə biləcək bir ölkədir. Türkiyə həqiqətən də öz prinsipial mövqeyini bildirir. Qardaş ölkə Netanyahu hökümətinin səhv yolda olduğunu açıq-aşkar ifadə edir".

Politoloq onu da qeyd edib ki, rəsmi Təl-Əvivin HƏMAS-ı məhv edəcək iddiaları alınacaq iş deyil: 

"Qurbanların sayı durmadan artacaq, dağıntılar baş alıb gedəcək. Amma HƏMAS-ı məhv etmək mümkünsüzdür. Çünki, HƏMAS dövlət yox, azadlıq hərəkatıdır. Yəni, hər ölən döyüşçünün əvəzinə yüzlərlə şəxs mən də cihad yolunda şəhid olmağa hazıram deyərək önə durur. Buna görə də, İsrail öz inadkarlığını cilovlamalı və başa düşməlidir ki, silah gücü ilə heç nəyə nail olmayacaq. Əgər hipotetik şəkildə buna nail olsa, bütün dünya birliyi ilə üz-üzə qalacaq. ABŞ bu istiqamətdə daha çox Türkiyəyə meyl edir. Rəsmi Ankaranın proseslərə qatılmasını istəyir. Ankaranın buna görə  qeyri-şərtsiz atəşkəsin əldə olunması tələbi var. Çünki hər döyüş  günləri minlərlə insanın həyatına son qoyur. Burada səlis diplomatiya öz rolunu oynamalıdır. Münaqişəli vəziyyətin özü qırmızı xəttləri keçib. Eyni zamanda tərəflər silahı yerə qoymaq niyyətində deyil. Getdikcə HƏMAS-ın tərəfdarlarının sayı artır. Həmçinin, müxtəlif dövlətlərdə insanlar hökumətdən İsrailə təzyiq göstərməyi tələb edirlər. Antoni Blinken və Hakan Fidanın danışıqları zamanı proseslərə müdaxilə olunması ilə bağlı müzakirələr gedib".