CHP-də lider dəyişikliyi nəyi dəyişəcək?- RƏY

Özgür Özəli daha çətin və xaoslu günlər gözləyir

Uzun müddətdir partiya daxilində yaranan çatlar onun sədrliyində parçalanmaya gətirib çıxara bilər

  Xəbər verdiyimiz kimi, Türkiyənin ana müxalifətinin - Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri seçildi. Şənbə günü keçirilən seçkilərdə CHP-nin parlament fraksiyasının rəhbəri Özgür Özel partiyanın 13 illik sədri Kamal Kılıçdaroğlunu əvəzlədi. Qeyd edək ki, ilk turda Özəl 682, Kılıçdaroğlu isə 664 səs toplayıb, 20 səs etibarsız sayılıb. Yəni namizədlərdən heç biri mütləq səs çoxluğu əldə edə bilmədiyi üçün ikinci tur keçirilib. İkinci turda isə Özəl böyük fərqlə 13 il CHP başqanı olan Kılıçdaroğlu üzərində qələbə qazanıb. Nəticələr elan olunduqdan bir qədər sonra açıqlama verən Özgür Özəl bildirib ki, CHP sədri kimi Azərbaycanla bağlı yeni ağ səhifə açacaq. Həmçinin keçmişdə yol verdikləri bəzi anlaşılmazlıqlar, çatışmazlıqlar və nöqsanları aradan qaldırmaq üçün nümayəndə heyəti ilə bərabər ölkəmizə səfər edəcək. Özəl əlavə edib ki, CHP-nin Azərbaycanla münasibətləri bundan sonra da indi olduğu kimi yüksək səviyyədə davam etməlidir. Cümhuriyyət Xalq Partiyasında baş tutan qurultaya dair mövqeyini bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu qənaətdədir ki, CHP-də lider dəyişikliyi heç nəyi dəyişməyəcək.
  Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, Kamal Kılıçdaroğlu CHP tarixinin ən mübahisəli və səriştəsiz sədri oldu. Ekspert bildirib ki, ümumiyyətlə, K.Kılıçdaroğlu 13 illik sədrlik müddətində CHP-yə prezident və parlament seçkilərində qələbə qazandıra bilmədi:

"Halbuki onun son prezident seçkisində qələbə üçün ciddi şansları var idi. Müxalifət blokunun israrlarına baxmayaraq, K.Kılıçdarğlu İstanbul və ya Ankara bələdiyyə başçıları Əkrəm İmamoğlu və Mənsur Yavaşın namizədliyini irəli sürmədi. Hətta K.Kılıçdaroğlunun prezident seçkilərinə özünün qatılması AKP-nin seçkilərdə daha rahat qələbə qazanmasına gətirib çıxardı. Kılıçdaroğlu sələfi Dəniz Baykaldan sonra CHP-nin ənənəvi partiya siyasi xəttində də dəyişiklik etdi. Xüsusilə CHP-nin HDP ilə yaxınlaşması, seçkilərdə koalisiyaya getməsi, parlamentdə əlavə mandat sözü verməsi partiyanın bir çox sadiq dəstəkçisini məyus etdi. Təsadüfi deyil ki, məyus olan seçicilər CHP-ni dəstəkləmədiyi kimi, seçkilərdə səsvermə hüququndan istifadə etmədi. Bu da nəticədə CHP-nin nəticələrinə təsir etdi".
  Analitikə görə, 13 illik Kılıçdaroğlu sədrliyi bitsə də, CHP üçün daha pis günlərin qarşıda olduğunu demək olar: "Hazırda CHP daxilində ciddi şəkildə fikir ayrılıqları var. Bu fikir ayrılıqları, mövqe fərqlilikləri özünü partiyanın sədr seçkilərində açıq şəkildə göstərdi. Özəl CHP daxilində sədrliyini möhkəmlətmək istəyirsə, Kılıçdaroğlunun kadrlarını və onu dəstəkləyənləri zərərsizləşdirməli olduğunu yaxşı bilir. Bunun üçün ya həmin şəxsləri tərəfinə çəkməli, ya da partiyadan uzaqlaşdırmalıdır. Lakin böyük ehtimalla bunu radikal formada deyil, tədricən edəcək. Çünki qarşıdan Ö.Özəlin ilk sınağı olan bələdiyyə seçkiləri gəlir. O, partiyasını gələn ilin martında baş tutacaq bələdiyyə seçkilərinə hazırlamalıdır. Hədəf isə Ankara, İstanbul bələdiyyələri başda olmaqla qələbə qazanılan mövcud yerləri qoruyub yeni şəhərlərdə qələbə qazanmaqdır. Özəl böyük ehtimalla bu sınaqdan üzüağ çıxacaq, lakin Kılıçdaroğlunun kadrlarından da canını qurtarmağa çalışacaq".
  T.Rzayev vurğulayıb ki, Özəlin də Kılıçdaroğlu kimi HDP-yə münasibəti loyaldır: "CHP millət vəkili kimi Özəl sosial anlaşma ilə bağlı təkliflər verib. O, kənd mühafizəsinin (yerli sakinlərdən özünümüdafiə dəstəsi - red) ləğvini istəyib. Halbuki kənd mühafizəsi PKK-nın qorxulu yuxusuna çevrilib və kəndlərdə terror təşkilatının sosial dayaq əldə etməsinin qarşısını böyük ölçüdə alıb. Bundan başqa, o, qanunsuz olaraq dövlət əleyhinə toplantı və nümayiş keçirənlərə verilən həbs cəzasının pul cəriməsi ilə əvəzlənməsini təklif edib. Özəl ilə bağlı bəlkə də ən mübahisəli məqam onun PKK lideri Abdullah Öcalanı sərbəst buraxacağını “deməsidir”. Sonradan bunun yalan olduğunu desə də, sözügedən məsələ siyasi karyerasına qara ləkə kimi düşüb. Nəticə etibarilə Özəl liderliyində CHP-ni daha çətin və xaoslu günlər gözləyir. Uzun müddətdir partiya daxilində yaranan çatlar onun sədrliyində parçalanmaya gətirib çıxara bilər. Yəni CHP də MHP kimi parçalana bilər".