İranın və İsrailin Azərbaycandakı səfirlərinə xəbərdarlıq etmək lazımdır - ŞƏRH

Ölkəmizi mübahisə poliqonuna çevirməsinlər

  İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi sosial şəbəkədə İsrailin Azərbaycandakı səfiri Corc Dikin ünvanına “təhdidedici” ifadələr yazıb. Səfir qeyd edib ki, indiki mərhələdə cəsur HƏMAS döyüşçüləri İsrail üçün kifayətdir: "Siz hörümçək torundan da zəifsiniz. Unutmayın ki, İran müdaxilə etsə, siz Nil çayında deyil, Aralıq dənizində basdırılacaqsınız. Heç bir xilas yoxdur. Bundan sonra bütün dünya sizə qarşıdır”. İsrail səfiri Corc Dik isə statusa cavab olaraq bunları yazıb: “Peşəkardan pulsuz məsləhətimi alın. Ölkəmi məhv etməklə, məni isə ölümlə (bir daha) hədələyəndə ciddi qəbul olunmaq istəyirsinizsə, hörümçək toru ilə müqayisədən imtina etməlisiniz. Çünki hörümçək toru poladdan beş dəfə möhkəmdir”.
  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, İranın və İsrailin Azərbaycandakı səfirlərinə xəbərdarlıq etmək lazımdır ki, ölkəmizi mübahisə poliqonuna çevirməsinlər. Ekspert bildirib ki, bu iki ölkənin səfiri ilk dəfə deyil ki, sosial şəbəkələr üzərindən söz atışmasına çıxıblar: 

"Bu dəfə atmacaların ağırlığı artıb. Səfirin vəzifəsi ölkəsini çalışdığı dövlətdə təmsil etmək, əməkdaşlığın inkişafı məqsədilə danışıqlar aparmaq, görüşlər keçirməkdir. Səfir ölkəsinə aid olmayan müharibəylə bağlı başqa ölkənin səfirini hədələməməlidir. Bu, həmin səfirin çalışdığı ölkəyə hörmətsizliyidir. Azərbaycanı Yaxın Şərqdəki qarşıdurmada tərəf seçməyə məcbur etmək istəyirlər. Bunu dayandırmaq lazımdır. Fikrimcə, hər iki səfiri ayrılıqda Xarici İşlər Nazirliyinə çağırıb, onları bu “dialoqa” son qoymağa çağırmaq lazımdır. Azərbaycanın özündə də “İsrail haqlıdır, yoxsa Fələstindəki silahlı qruplaşmalar” sualı ətrafında kəskin diskussiya gedir. Bu diskussiyaya kənardan benzin tökmək istəyənlərə “dur” demək lazımdır".