Ukraynaya silah yardımı zəifləyəcək?

Qərbin dəstəyinin arxa plana keçməsi hələ doğru deyil

Müharibədən qurtulmağın yolları axtarılır, amma görünən də odur ki, tərəflərin mövqeyi hələ sülhdən uzaqdır

  İspaniya və Belçika ötən bir il ərzində Rusiyadan maye qaz idxalını iki dəfə artırıb. Avropa Birliyinə üzv ölkələr arasında İspaniya Rusiya təbii qazının ən böyük idxalçısıdır, ondan sonra Fransa və Belçika gəlir. AB Rusiya qazına təxminən 5.5 milyard avro xərcləyib. Məlumdur ki, Avropa Birliyi Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkədən təbii qazın alışını məhdudlaşdırmağa başlamışdı. Bir sıra üzv ölkələr rus qazından tamamilə imtina etmişdi. Bəzi şərhçilərə görə, zaman keçdikcə Avropa ölkələri Ukrayna amilini unutmağa, Kiyevi arxa plana keçirməyə çalışırlar. 
  Politoloq Azər Qasımov bildirib ki, dövlətlərin milli maraqlarının müəyyən müddətdən sonra önə keçəcəyi bəlli idi. Ekspertin sözlərinə görə, Rusiya onsuz da vaxtı uzatmaqla buna çalışırdı: 

"Avropa ölkələrinin çoxu etiraf edir ki, Rusiyaya tətbiq edilən sanksiyaların ciddi effekti olmadı. Bu baxımdan tədricən Avropa ölkələrinin sanksiyalardan kənar keçəcəyi proqnoz edilirdi. Amma məsələ ondadır ki, Ukrayna-Rusiya müharibəsinin taleyi cəbhədə həll olunur və burada Ukraynaya dəstək verən Amerikanın rolu daha çox müharibənin gedişinə təsir edir. İspaniya və Belçikanın Ukraynaya hərbi dəstəyi məhduddur. Onlar əsasən maddi dəstək verirlər Avropa Birliyi çərçivəsində və "Ramştayn" formatında. Amerika isə Ukraynaya dəstəyini axıra kimi davam etdirəcəyi sözü verir".
  Analitikə görə, İsrail-HƏMAS müharibəsi fonunda Amerikanın hər iki cəbhəyə dəstəyi qismən Ukraynaya silah yardımını zəiflətmək ehtimalı olduğu vurğulansa da, bu, az həqiqətə uyğundur: "Məsələ ondadır ki, İsrailin Qəzza zolağında işlətdiyi silahların kateqoriyası ayrıdır və bu silahlar Ukraynada işlədilmir. Odur ki, Ukraynaya dəstək məsələsinin arxa plana keçməsi hələ doğru deyil. Təbii ki, bu müharibədən qurtulmağın yolları axtarılır. Amma görünən də odur ki, tərəflərin mövqeyi hələ sülhdən uzaqdır".