Qərb ölkələrinin hər zamankı ikili siyasət davam etməkdədir. Əsasən ABŞ və Qərbi Avropa ölkələri xüsusən Fransa, Almaniya siyasətlərində öz çirkin niyyətlərindən əl çəkmirlər. Onlar öz maraqlarına baş verən konfliktlərə göz yumaraq digər xırda insidentləri şişirtməklə məşğuldurlar.
Eyni zamanda Qərb ölkələri sözdə dünyada sülhə çağırış etsə də, məhz özlərinin eqoistik siyasəti dünyada alovlanmış müxtəlif münaqişələrin əsas səbəbidir.
Qərbin ikili siyasəti haqqında "Sherg.az"a danışan millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə vurğulayıb ki, Azərbaycan qarşı əsas qərəzli çıxış edən ölkələr ermənilərin təşkilatlanmış diasporası yerləşən dövlətlərdir:
"Həmin ölkələrdə erməni diasporası fərdi və mediadakı korrupsiyadan istifadə edərək Azərbaycana yönəlik yalan, iftira kampaniyası həyata keçirir. Burada söhbət Şərq və Qərbdən deyil, erməni diasporasından, şəxsi korrupsiyadan gedir. Azərbaycana qarşı bu cür işlərə qoşulan siyasətçilər erməni diasporasının maliyyəsi əsasında fəaliyyət göstərir. Erməni diasporası münaqişənin həllində maraqlı deyil. Onlar Ermənistanda və Qarabağda yaşayan ermənilərdən bir qurbanlıq kimi istifadə edirlər. Maliyyə toplayaraq fəaliyyətlərini saxta genosid üzərində davam etdirmək üçün onlara faciələr lazımdır. Burada korrupsiyaya qurşanmış siyasətçilər də maraqlıdır. Qərb ölkələrində tarixən islamofobiya, rasizm, antisemitizm siyasəti olub. Erməni diasporasının maliyyəsi isə bunu daha da qızışdırır. Qərb tərəfi ən xırda şeyləri şişirtməklə öz problemlərindən qaçaraq diqqəti başqa yerə yönəldirlər. Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlığı həyata keçirir. Bundan sonra da bunu uğurla davam etdirəcəyik. Kimsə gəlib Azərbaycana böyük qardaş rolu oynaya bilməz. Artıq bütün böyük qardaşlara əlvida demişik. Qərb Cənubi Qafqazın sahibi deyil. Onlar burada sadəcə olaraq əməkdaşlığı və tərəfdaşlığı itirə bilərlər".