Rusiya Ermənistanı avantüraya çəkdi: ABŞ və Fransa isə... - ŞƏRH

"Ermənistan hökumətinin anti-Rusiya siyasəti Fransa və ABŞ-nin İrəvan hökumətinə "isti" yanaşmasına gətirib çıxarır".
Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 
Ekspert bildirib ki, ABŞ və Fransa hesab edir ki, Nikol Paşinyana dəstək verməklə Rusiyanı Ermənistandan çıxara biləcəklər: 

"Amma bu, düzgün strateji addım deyil. Əgər ABŞ və Fransa Cənubi Qafqazda və Ermənistanda Rusiyanın mövqelərinin zəifləməsində maraqlıdırsa, ilk növbədə Ermənistan-Azərbaycan arasında ədalətli sülhün bərqərar olmasını təmin etməlidirlər. Bunun da yolu İrəvana təzyiq edərək birbaşa Azərbaycanla sülh müqaviləsi bağlamağa məcbur etməkdən keçir. Yox əksinə, nə qədər böhran yaradacaqlar, Ermənistana silah-sursat verəcəklər, bu, Rusiyanın regionda daha da güclənməsinə gətirib çıxaracaq. Təəssüf ki, Vaşinqtonda və Parisdə bunu anlamırlar. ABŞ Konqresində olan konqresmenlər isə konkret olaraq erməni lobbisinin dirijorluğu ilə hərəkət edirlər. Okeanın o tayında oturub, reallığı qəbul etmək istəmirlər. Halbuki, Vaşinqtondan və yaxud Fransada Ermənistana hərbi yardım verməsi erməni dövlətçiliyini sual altına qoyur". 

Analitik xatırladıb ki, Rusiya Ermənistanı avantüraya çəkdi, Azərbaycana qarşı vəkalət müharibəsi apardı və böyük həcmdə silahlandırdı: 

"Nəticəsi nə oldu? Ermənilər Qarabağ və digər ərazilərdən tamamilə çıxarıldı. Ermənistanın müstəqilliyi sual altındadır. İrəvan dərk etməlidir ki, ABŞ və Qərb ölkələrinin Ermənistanı silahlandırması, Azərbaycana qarşı təhrik etməsi sülhə mane olmaqdadır. Sülhün olmaması isə Ermənistanı risk altında qoyur. Silahlanma prosesi tamamilə Ermənistanın əleyhinə işləyir".