Zəfərin arxasındakı uğurlu siyasət: Hibrid savaşçıların narahatlığı - ŞƏRH

"Hər millətin tarixində uca dağ effektli, yəni ondan uzaqlaşdıqca böyüklüyü daha aydın görünən mərhələlər olur. Biz hazırda onun içindəyik".

"Sherg.az" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

Deputat vurğulayıb ki, sözügedən mərhələnin zirvəsində İkinci Qarabağ savaşında qazandığımız Zəfər dayanır: 
"Bundan sonra əldə ediləcək bütün, hətta özündən də böyük zəfərlərin hamısı üçün mayak o olacaq. Bu gün Azərbaycana qarşı hibrid savaş aparanlar bəlkə də, bizdən artıq onun fərqindədirlər. Davranışlarına baxdıqda açıqca duyulur ki, bizim Zəfərimiz onları haylardan daha çox narahat edir. Hətta o qədər narahat edir ki, Azərbaycana qarşı açıq düşmənçilik siyasəti yeridirlər. Fransa, digər yırtıcılar və onlara "yandaşlıq" edənlər Azərbaycanın öz torpaqları uğrunda apardığı savaşa sivilizasiyalararası qarşıdurma  prizmasından yanaşdıqlarını gizlətmirlər və Ermənistanla həmrəylik sərgiləyirlər. Amma bu həmrəyliyin araxasındakı din faktoru sadəcə aysberqin görünən tərəfidir. Görünməyən, sərgilənməyən tərəfində isə o durur ki, qərbdəkilər də, iki böyük qonşumuz da Azərbaycanın II Qarabağ savaşı zamanı etdiklərini Ermənistandan daha çox öz üzərlərində qələbə kimi dəyərləndirirlər".
Parlament üzvü vurğulayıb ki, BMT Təhlükəsizilik Şurasının daimi üzvlərinin veto hüqüqlarının saxlanması məsələsində  qərbdəkilərlə Rusiya həmrək davranırlar: 

"Bu cür həmrəyliyi biz onlarda torpaqlarımızın işğal altında qalmasına yanaşmada görmüşdük. Hamısı, özəlliklə keçmiş Minsk qrupunun həmsədrləri bir ağızdan təkid və təhdidlə Azərbaycandan savaş aparmamasını tələb edirdilər. Biz isə bu tələbə boyun əymədik, dünyanın 5-likdən ibarət olmadığını göstərərək presedent yaratdıq. Təbii ki, bu, öz milli maraqlarından çıxış edən nəhənglərin marağında deyil. Postsovet məkanında neçə yüz ildə özmərkəzli siyasət yeridən bir dövlətin peyda olması təkcə Rusiyanın yox, digər güclərin də arzulamadıqları haldır.  
Onların haylardan alət kimi faydalanaraq apardıqları oyunlar da bunu bütün çılpaqlığıyla ortaya qoyur. Rusiyanı regiondan çıxarmağa çalışan qərbdəkilər Ermənistanın subyektə çevrilməsi üçünmü bunu edirlər? Əlbəttə, yox".

S.Alıyev qeyd edib ki, Azərbaycan İkinci Qarabağ savaşında təkcə yeni regional reallıq formalaşdırmadı: 

"Azərbaycan de-fakto qlobal konyukturanı dəyişən geosiyasi inqilab etdi. Bunu ona görə bacardıq ki, cənab İlham Əliyev kimi qətiyyətli, geniş vizyonlu, yüksək dərəcədə informasiyalı və diplomatik incəlikləri çox gözəl bilən strateq - sərkərdəmiz var. Bunu həm də ona görə bacardıq ki, İkinci Qarabağ savaşında bütün Azərbaycan orduya çevrildi. Ordunun xalqlaşdığı və xalqın ordulaşdığını göstərən ən dəqiq mənzərə isə Azərbaycan qadınının öz  şəhid oğlunun, ərinin, qardaşının nəşini çiyinlərində əbədiyyətə yola salması idi. Mən ilk dəfə onda gördüm ki, qəhərlə qürur ikisi eyni zamanda boğazda nə cür  düyünlənə bilər. Şəhid qanıyla təkcə torpağın vətənə çevrilmədiyini, həm də azərbaycanlı adlı xalqdan siyasi millət yarandığını görən gözlərimizdən kədər və sevinc yaşları birgə axdı".