Xankəndi paradı  həm də gələcək qarşısında verilən imtahandı - EKSPERT

 Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışı zamanı mühüm məqamlara diqqət çəkib. Dövlət başçısı vurğulayıb ki, son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdı. Ölkə rəhbəri vurğulayıb ki, bu əməliyyatlar, eyni zamanda, Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bilməz: "Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız. Əgər o vaxt mənim sözümə baxsaydılar, sentyabr ayında keçirilmiş antiterror tədbirlərinə ehtiyac qalmazdı. Onların bütün bəlalarının səbəbkarları elə onların özləridir. Onların bəlaları təkcə üç il bundan əvvəl başlamayıb, hələ 1990-cı illərin əvvəlində başlayıb”.

Xankəndidə keçirilən tarixi parad və Prezidentin diqqət çəkdiyi məqamlarla bağlı "Sherg.az"a danışan politoloq Azər Qasımov bildirib ki, Azərbaycan tarixinin ən müqəddəs və tarixi anlarının yazıldığı hadisə baş verdi.

Analitik qeyd edib ki, Azərbaycan dövlətinin Xankəndidə keçirdiyi hərbi parad tək qələbəmizin elanı yox, eyni zamanda, Azərbaycanın öz tarixi, öz keçmişi, gələcəyi qarşısında verdiyi imtahanı idi: 

"Azərbaycan xalqı bu imtahandan alnı açıq, üzü ağ çıxdığını hər kəsə isbat etdi. Tarixi Azərbaycan torpaqlarında 
yuvalanmış daşnak sürüsünü ərazisindən qovmaqla onların mərkəzi halına gəlmiş Xankəndidə hərbi parad keçirməklə bütün dünyaya göstərdi ki, Azərbaycan torpaqları müqəddəsdir. Bu torpaqlar mundarlıq götürmür. Gec-tez üzərindəki yadları öz üzərindən atır, özünü təmizləyir. Paradda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı bir daha bu tarixi qələbəyə gedən yola işıq saldı. Hansı çətinliklər, hazırlıqlar hesabına qələbəyə nail olunduğunu bildirdi. Azərbaycan ordusunun qəhrəmanlıqları hesabına qazanılan 44günlük müharibə problemin həllini labüd etdi. Azərbaycan dövlətinin xarici təzyiqlər qarşısında dik durduğunu, kimsənin Azərbaycana öz fikirlərini yeridə bilmədiyini xüsusi vurğuladı".

Ekspert diqqətə çatdırıb ki, Ermənistanın revanşist dairələrində hələ də ağlı başına gəlməyən qüvvələrə son dəfə xəbərdarlıq etdi: 

"Daha bir revanş addımları Ermənistan üçün geri dönməz hadisələrlə yadda qala bilər. Azərbaycan Prezidentinin Ermənistanın siyasi dairələrinə və havadarlarına verdiyi bu mesajların Xankəndidən verilməsi xüsusi əhəmiyyət daşıdı. Bu onların müqavimətinin və siyasi-hərbi iradəsinin qırılmasını sübut edən andır. Azərbaycanla düşmənçilik etmək istəyənlərə verilən mesajdır ki, bizimlə düşmənçilik etməyin sonu budur. Bunu hər kəs yaxşı görsün, yaxşı başa düşsün! Azərbaycan xalqının öz tarixinə borcu var idi. Azərbaycan xalqı öz borcunu nəhayət ki, qaytara bildi. Azərbaycan tarixinin qəhrəmanlıq səlnamələri yazan ulu babalarının nailiyyətlərini yenidən dirçəltdi. Öz tarixinə olan borcunu Xankəndidə keçirdiyi hərbi parad ilə ödədi".