"Qarabağda heç bir etnik təmizləmə aparılmayıb"   - Rəy


"Azərbaycan Qarabağ iqtisadi rayonunda dinc, mülki ermənilərin hüquqlarını və təhlükəsizliyini təmin etmək niyyətindədir"
 
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan  UNESCO-nun Baş Konfransının 42-ci sessiyası çərçivəsində çıxışı zamanı Azərbaycanı "etnik təmizləmə"də ittiham edib. 
A. Mirzoyanın səsləndirdiyi əsassız fikirləri  şərh edən Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, Ermənistanın bu kimi əsassız iddialarının regiona səfər edən, eləcə də bu ölkədə aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil etdiyi göz qabağındadır:

 "9 noyabr 2023-cü il tarixində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan tərəfindən Parisdə UNESCO-nun Baş Konfransının 42-ci sessiyası çərçivəsində çıxışı zamanı Azərbaycan əleyhinə səsləndirilmiş əsassız və yalan dolu iddiaları qətiyyətlə rədd edirik. Ölkəmizə qarşı 30 ilə yaxın hərbi təcavüz zamanı kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını pozan Ermənistanın riyakarcasına Azərbaycanı könüllü olaraq Ermənistana getmiş ermənilərin “etnik təmizləməsində” ittiham etməkdə davam etməsi, bu istiqamətdə müxtəlif beynəlxalq platformalardan sui-istifadə cəhdləri qəbuledilməzdir.

STM-in sektor müdiri, politoloq İlyas Hüseynov isə "Sherg.az"a açıqlamasında deyib ki,  Ermənistan Azərbaycana qarşı "nifrət  nitqi"ni, əsassız iddialarını və regionda baş verən prosesləri tamamilə mənfi məcrada təqdim etməyi dayandırmır: 

"Tarixi faktları saxtalaşdırmaq, barbarlıq və vandalizm hərəkətlərini davam etdirirlər. Ermənilər  əvvəllər işğal etdikləri torpaqları legitimləşdirməyə cəhd göstərirdisə, indi də Azərbaycanı etnik təmizləmədə ittiham edir. Faktiki olaraq etnik təmizləməni Azərbaycan vətəndaşlarına qarşı məhz ermənilər etmişdilər. Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünümüz yarandı. Yalnız etnik kimliyinə görə, türk -müsəlman olan  insanlara qarşı kütləvi soyqırım edən, yaşayış məskənlərini viran qoymaqla insanlıq və bəşəri cinayətlər törədən şəxslərin könüllü olaraq bölgəni tərk etməsinin etnik təmizləmə olaraq qələmə verilməsi riyakarlıq və siyasi manipulyasiya cəhdidir".

Politoloq deyib ki, Ermənistan rəsmiləri tərəfindən  etnik təmizləmə ilə bağlı geniş şəkildə manipulyasiyalar edilir, əsas məqsəd Azərbaycanın Ordusunun uğurlarına xələl gətirmək, onu ləkələmək, Azərbaycanın keçirdiyi çox dəqiq və sərrast antiterror tədbirlərini damğalamaq və ona qarşı çıxmaqdır: 

"Lakin bu, baş tutmayacaq. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirib. 44 günlük Vətən Müharibəsində də, antiterror tədbirlərində də bütün dünya Ordumuzun peşəkarlığını gördü.  Antiterror tədbirlərinin isə etnik təmizləmə olduğuna dair fikirlərin əsası yoxdur. Belə fikirlər siyasi nizamlama prosesinə mənfi təsir göstərir və bu fikirləri dilə gətirən qüvvələr regionda sülh istəmirlər. Ermənilər Azərbaycanın beynəlxalq nüfuzuna zərbə endirmək, ölkəmizə qarşı beynəlxalq təşkilatların qərar və qətnamələr çıxarmasına nail olmaq, sanksiyaların həyata keçirilməsinə niyyəti güdürlər. Bölgədəki sülh və dayanıqlı birgəyaşayış cəhdlərinə, dövlətlərarası münasibətlərin qurulması istiqamətində keçirilən görüşlərə də kölgə salır. Müxtəlif dairələrdə sülh prosesinə açıq olduqlarını bəyan edən Ermənistan bir tərəfdən də  riyakar açıqlamalarla beynəlxalq auditoriyanı aldatmağa çalışır. Bu isə siyasi riyakarlığın bariz nümunəsidir. Halbuki, Azərbaycan Qarabağda heç bir etnik təmizləmə aparmayıb və ümumiyyətlə, dövlətimizin belə bir fikri olmayıb. Azərbaycan yalnız legitim hərbi hədəfləri sıradan çıxararaq regionda sülhü və təhlükəsizliyi təmin edib. Burada saxta təbliğata uymaq və bu təbliğatlar əsasında fikirlər formalaşdırmaq, bunu ali səviyyədə təqdim etmək tamamilə qəbuledilməzdir. Biz zaman -zaman müxtəlif Qərb ölkələrinin rəhbərləri tərəfindən erməni təbliğatının davamını gördük. Buna son qoymaq lazımdır. Azərbaycan Qarabağ iqtisadi rayonunda dinc, mülki ermənilərin hüquqlarını və təhlükəsizliyini təmin etmək niyyətindədir. Ölkəmiz bu istiqamətdə zəmanətlər verir, reinteqrasiya planını və yol xəritəsini reallaşdırır və Azərbaycan üçün önəmli olan regional sabitlik, təhlükəsizlik mühitinin gücləndirilməsidir".