Azərbaycan-Özbəkistan: İki ölkəni bir-birinə bağlayan dəyərlər - ŞƏRH

Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur. Belə ki, 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının  16-cı Zirvə toplantısında iştirak edib. Ölkə başçısı toplantıda çıxış edərək,Azərbaycan-Özbəkistan arasında strateji əlaqələrin uğurla inkişaf etdirildiyini bildirib. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin növbəti dəfə dövlət başçısı seçildikdən sonra ilk səfərini Azərbaycana etməsi iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirdiyini vurğulayıb. Prezident bildirib ki, Azərbaycanın  nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. 

İki ölkə arasında münasibətlərin inkişafını "Sherg.az"a təhlil edən siyasi şərhçi Azər Həsrət bildirib ki, xarici siyasətində ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu sahələrdə qazandığı uğurlar davamlılığı ilə diqqətdədir:
"Ölkəmiz bu və ya digər sahələrlə bağlı beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir, yaxud digər ölkələrdə keçirilən belə tədbirlərə qatılır. Bütün hallarda bu, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və nüfuzunun göstəricisidir".
Siyasi şərhçi deyib ki, son illər Azərbaycan və Özbəkistan arasındakı mübasibətlər sevindirici bir məcraya yönəlib:
"Sözsüz ki, qardaş ölkə Özbəkistanla Azərbaycanın münasibətləri istər sovet dönəmində, istər ondan öncəki illərdə, istərsaə də qədim tarixdə hər zaman yaxın və doğma olub. Lakin indiki mərhələdə iki dövlət arasında münasibətlər ən yüksək səviyyədədir: Təsadüfi deyil ki, Özbəkistan Orta Asiya ölkələri arasında yeganə dövlətdir ki, Ermənistanla diplomatik münasibətlər qurmur. Onlar Azərbaycan torpaqlarını işğal etmiş bir dövlətlə yaxın əlaqələrə maraq göstərməyiblər. Bunun özü çox məsələdən xəbər verir. Şəxsən Özbəkistanı yaxşı tanıyan, qardaş ölkə ilə geniş əlaqələrə malik biri kimi deyirəm ki, həqiqətən özbək bacı-qardaşlarımız Azərbaycana və azərbaycanlılara çox doğma münasibət göstərirlər. Onlar bizi özlərindən fərqli saymırlar. Eləcə də, biz özümüzü onlardan fərqli saymırıq, çünki eyni millətik. Mədəniyyətimiz, keçmişimiz və gələcəyimiz birdir. Prezidentlərimiz arasındakı dostluq, qardaşlıq münasibətləri də bütün dünyaya örnək olacaq səviyyədədir. Bu baxımdan Özbəkistanla Azərbaycanın münasibətləri təqdirəlayiq səviyyədədir".

A.Həsrətin sözlərinə görə, qarşılıqlı səfərlərin mütəmadi xarakter alması, iki  qardaş dövlət arasındakı münasibətlərin ən üst səviyyəyə yüksəlməsinə xidmət edir:
"Bu çox sevindirici və arzuolunan bir prosesdir. Siyasi və iqtisadi münasibətlərin daha da sıxlaşdırılmasına çox ciddi ehtiyac var.  Bizi bir-birimizə tarixi köklər, milli etnik kimliyimiz bağlayır. 100 -1000 illər  öncəsində də bu coğrafiya bir-bütöv olub. Tarixin müxtəlif mərhələlərində qardaş ölkələr ayrı düşsələr də, bizi bağlayan dəyərlər sayəsində  biz mi milli kimliyimizi qorumuşuq. 
Eyni millətin fərdləri olan azərbaycanlılarla özbəklər arasındakı münasibətlər hər zaman yüksək səviyyədə qorunmalıdır. 
Bu baxımdan prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlar, dövlətlərarası münasibətlərin inkişafına yönəlik cəhdləri təqdirəlayiqdir. Eyni münasibəti qardaş ölkədən də görürük. Özbəkistanın siyasi rəhbərliyi, prezidenti Şavkat Mirziyoyev  
və digər rəsmilər Azərbaycanla münasibətlərin üst səviyyəyə yüksəlməsi üçün əllərindən gələni edirlər. Buna isə ancaq sevinmək olar".".