Sülh müqaviləsi onsuz da imzalanacaq - ŞƏRH

Amma bununla bağlı danışıqlar Brüsseldə yox, məsələyə neytral yanaşan digər bir məkanda aparılmalıdır

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

  Ermənistan Baş naziri Nikol Paşinyan Parisdə keçirilən 6-cı Sülh Konfransının panel müzakirələrində Azərbaycanla müzakirə olunan sülh danışıqları barədə yenidən əsassız və məntiqsiz iddialar səsləndirib. Baş nazir sülh müqaviləsini Brüssel danışıqlarında səslənən üç prinsip əsasında imzalamağa hazır olduğunu bəyan edib. Paşinyanın qənaətinə görə, 1-ci prinsip Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq 86,6 min kv.km və 29,8 min kv.km hüdudlarda bir-birinin ərazi bütövlüyünü tanımasıdır. 2-ci prinsip sərhədlərin delimitasiyası və demarkasiyasının 1991-ci il Almatı Bəyannaməsinə uyğun şəkildə aparılmasıdır. 3-cü prinsip isə regional kommunikasiyaların keçdiyi ölkələrin suverenliyi, yurisdiksiyası və qanunvericiliyi çərçivəsində açılmasıdır. Şübhəsiz, rəsmi İrəvanın sərgilədiyi bu mövqe onun hələ də sülh danışıqları üzərində siyasi manipulyasiyadan və təhrif olunmuş interpretasiyadan əl çəkmədiyini göstərir. Parisdə özünü “doğma divarlar arasında hiss edən” Paşinyan çıxışında bir az da irəli gedərək, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya “etnik təmizlənmə”yə məruz qaldığını da iddia edib. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın 6-cı Paris Sülh Konfransının panel müzakirələrində səsləndirdiyi iddiaları cavabsız qoymayıb. Nazirliyin bəyanatında vurğulanıb ki, Paşinyanın 6-cı Paris Sülh Konfransının panel müzakirələrində növbəti dəfə səsləndirdiyi əsassız iddialar Ermənistan tərəfinin siyasi manipulyasiyalardan və təhrif olunmuş interpretasiyadan əl çəkmədiyini nümayiş etdirir: "Ermənistan baş nazirinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya "etnik təmizlənmə"yə məruz qaldığı ilə bağlı iddialarını qətiyyətlə pisləyir və rədd edirik. 30 ilə yaxın təcavüzkar siyasəti ərzində bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan, uşaq, qadın və qocaya heç bir fərq qoymadan azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı və kütləvi qırğınlar törətmiş Ermənistanın Azərbaycanı "etnik təmizləmə"də ittiham etməyə heç bir mənəvi haqqı yoxdur. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin şəxsi qərarları əsasında Ermənistana köçməsinin məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı baş nazir Paşinyana yaxşı məlumdur. Bu cür əsassız ittihamların regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə də açıq şəkildə ziddiyyət təşkil etdiyini baş nazirə bir daha xatırladırıq". Vurğulanıb ki, Paşinyanın Qərbi Azərbaycan İcmasının öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması tələbinin Ermənistana qarşı “ərazi iddiası” və “təcavüzə hazırlıq” kimi qələmə verilməsi isə tamamilə əsassızdır. Məhz Ermənistan tərəfi Qərbi Azərbaycan İcmasının dialoq təklifini tamamilə rədd edib və bununla da bölgədə sülh və sabitlikdə maraqlı olmadığını nümayiş etdirib: "Suverenlik və ərazi bütövlüyünün tanınmasına, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsində 1991-ci il Almatı Bəyannaməsinə, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin qurulması üçün ölkələrin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsiplərinə hörmətlə yanaşılmasının əhəmiyyətinə vurğu edən baş nazir Ermənistanın bu prinsipləri 30 ildən artıq müddətdə pozmasını unudub. Ermənistandan fərqli olaraq, 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycan Ermənistana 5 baza prinsipi əsasında sülh təklif edib. Ermənistan isə ölkəmizə qarşı davam etdirdiyi iddialarla bu prinsipləri pozmaqda davam edir. Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırırıq. Ümidvarıq ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, yaxın zamanda sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən edilən çağırışlara Ermənistan tərəfindən adekvat cavab veriləcək".
  Ermənistan baş nazirinin açıqlamalarına Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da cavab verib. Leyla Abdullayeva moderatorun suallarının qərəzli olmasına diqqət çəkib: “Azərbaycanın bu günədək atdığı addımlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmış öz əraziləri üzərində suverenliyini bərpa etmək məqsədilə olub. Biz faktiki olaraq beynəlxalq hüquqa görə Azərbaycana aid olanı qazanmışıq. Azərbaycan hər zaman dəfələrlə sülhdə maraqlı olduğunu bəyan edib. Sadəcə bəyan etməyib, Azərbaycan 2020-ci ildə müharibədən dərhal sonra Ermənistanla normallaşma prosesinin təşəbbüskarı olub və əlbəttə ki, Azərbaycan Ermənistanla birbaşa dialoqun tərəfdarıdır”. Səfirmiz qeyd edib ki, Azərbaycan Prezidentinin Qranada görüşü ilə bağlı mövqeyi aydın şəkildə bildirilib: "Qranada görüşündən bir gün öncə Fransanın xarici işlər naziri Ermənistana səfər etdi və Ermənistana silahların göndərilməsi ilə bağlı qərarı bəyan etdi. Bu, Ermənistanı silahlandırmaq, ölkədəki revanşist ideologiyanı dəstəkləmək qərarı həqiqətən də regionda sülh və normallaşmaya xidmət etmək məqsədiləmi idi? Digər tərəfdən isə Fransa vasitəçi kimi iştirak etmək niyyətində idi. Beləliklə, açıq şəkildə bir ölkənin tərəfini tutan və onu açıq şəkildə silahlandıran ölkə daha sonra deyir ki, mən vasitəçiyəm. Digər tərəfdən isə liderlər Türkiyə Prezidentinin iştirakından imtina etdilər. Bu izahlar Azərbaycan tərəfindən açıq şəkildə ifadə edilib".
  Millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, Ermənistan müxtəlif bəhanələr gətirərək sülh danışıqlarını manipulyasiya edir. Deputat bildirib ki, İrəvanın qeyri-konstruktiv mövqeyinə görə bugünə qədər sənəd imzalanmamış qalmaqdadır:

"Hətta sülh müqaviləsinin imzalanması üçün ölkələrimiz arasında xeyli məsələlər razılaşdırılıb. Bu gün sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların dayanmasının günahkarı Avropa İttifaqı və Fransadır. Fransa bir tərəfdən Ermənistanı silahlandırır, canlı qüvvəsini orada yerləşdirməyə çalışır və erməniləri revanşizmə hazırlayır. Digər tərəfdən sülh müqaviləsindən danışır. Avropa İtifaqı da Fransanın diktəsi ilə oturub-duraraq Ermənistanın tərəfini tutduğu üçün sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların aparılması üçün etmadını itirib. Bəli, sülh müqaviləsi imzalanacaq. Amma bununla bağlı danışıqlar Brüsseldə yox, məsələyə neytral yanaşan digər bir məkanda aparılmalıdır. Belə bir məkan Tbilisi ola bilər. Paşinyan isə Brüsseldən yapışıb. Onun üçün sülh müqaviləsinin imzalanması maraqlıdırsa, niyə bu, Brüsseldə baş tutmalıdır? Təbii ki, burada çirkin niyyətlərin olduğu açıq şəkildə bəllidir".
Parlamentari vurğulayıb ki, danışıqlar üçün başqa bir məkan seçilərsə, Ermənistan konstruktivlik nümayiş etdirərsə, sülh müqaviləsi imzalana bilər: "Həm də sülh müqaviləsinin imzalanması məsələlərin bitməsi demək deyil. Burada sərhədlər delimitasiya və demarkasiya olunmalı və sərhəd xətti müəyyənləşməlidir. Sərhəd xəttinin müəyyənləşdirilməsi üçün hansı xəritələridən istifadə olunacağı da sual altındadır. Yəni bir çox məsələlər var ki, Azərbaycanla Ermənistan arasında kənar oyunçular müdaxilə etmədən ikitərəfli danışıqlar aparılaraq yoluna qoyulmalıdır. Ermənistan buna hazır olacağı təqdirdə sülh müqaviləsi ilə bağlı sənəd qısa bir zaman kəsiyində imzalana bilər".