8 kəndimizin taleyi necə həll olunacaq? - RƏY

Zəngəzurdan Naxçıvana maneəsiz gediş-gəlişimiz təmin edilməlidir

  Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışı zamanı mühüm məqamlara diqqət çəkib. Dövlət başçısı vurğulayıb ki, son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdı. Ölkə rəhbəri vurğulayıb ki, bu əməliyyatlar, eyni zamanda Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bilməz: "Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız. Əgər o vaxt mənim sözümə baxsaydılar, sentyabr ayında keçirilmiş antiterror tədbirlərinə ehtiyac qalmazdı. Onların bütün bəlalarının səbəbkarları elə onların özləridir. Onların bəlaları təkcə üç il bundan əvvəl başlamayıb, hələ 1990-cı illərin əvvəlində başlayıb”.
  Xankəndidə keçirilmiş tarixi parad və Prezidentin diqqət çəkdiyi məqamlarla bağlı "Sherg.az"a danışan Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı deyib ki, builki Zəfər bayramının ayrı bir mənası var idi. Professor vurğulayıb ki, hərbi paradın Xankəndidə keçirilməsi dünyaya mesaj idi ki, ermənilərin himayə edilməsi belə onları məğlubiyyətdən xilas edə bilməz:

"Bundan sonra da ermənilər və onların himayədarları dərs çıxarmalıdırlar. Ermənistan sərhədləri boyunca əlverişli mövqedə olduğumuzun Prezidentimizin dilindən səsləndirilməsi də gələcəkdə baş qaldırarlarsa, erməni revanşizminə yeni bir savaş dərsi veriləcəyi anlamına gəlir. Bəllidir ki, Azərbaycan bütün ərazisində öz dövlət suverenliyini bərpa etsə də, hələ işğal altında olan, anklav 8 Azərbaycan kəndinin taleyi həll olunmayıb. Zəngəzurdan Naxçıvana maneəsiz gediş-gəlişimiz təmin olunmayıb. Həmçinin Ermənistanla qalıcı sülhə nail olunmayıb. Əlbəttə, Azərbaycan addım-addım bütün bu məsələləri həll etmək gücünə və siyasi iradəsinə sahibdir!".