Azərbaycan dövləti Yunanıstanın gedişlərinə  cavab verməlidir: Əks təqdirdə....

Ermənistan, Yunanıstan və Kiprin xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri keçirilib.
APA "iefimerida.gr" saytına istinadən xəbər verir ki, təlimlər noyabrın 6-dan 10-dək Yunanıstanın milli müdafiəsinin baş qərargahı olan Attikanın Nea Peramos bölgəsində keçirilib.
Bildirilib ki, birgə təlimlər Yunanıstan, Kipr və Ermənistan arasında 2023-cü il üçün Birgə Fəaliyyət Planının bir hissəsidir və iştirakçılar arasında qarşılıqlı anlaşma səviyyəsinin yüksəldilməsinə və təcrübə mübadiləsinə, eləcə də onların əməliyyat imkanlarının artırılmasına xidmət edir.
Təlimlər sürətli döyüş atışları, snayper texnikası və taktikası, yaşayış sahəsi daxilində rəqabətin texnikası, taktikası və prosedurları, kiçik miqyaslı təlimlərin təşkilini əhatə edib.


Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən siyasi şərhçi Azər Həsrət bildirib ki, burada sadəcə Ermənistanın üzərinə fokuslanmaq lazım deyil:

"Eyni zamanda Yunanıstanı da nəzərdən keçirməkdə fayda var. Yunanıstan və Ermənistan arasında çox yaxın münasibətlər olub. Hətta Qarabağ torpaqları işğal altında olan zaman belə Yunanıstan bu və digər şəkildə Ermənistan ilə hərbi sahədə əməkdaşlıq edirdi. Baxmayaraq ki, Yunanıstan NATO ölkəsidir, amma KTMT-nin üzvü olan Ermənistanla çox yaxın əlaqələr qurub. Bunun özü bir anormallıqdır və Azərbaycana qarşı olmaq deməkdir. Eyni zamanda bu Azərbaycanla yanaşı Türkiyəyə də  əks olmaq anlamına gəlir. Ona görə də üçlü şəkildə hərbi təlimləri bu kontekstdə dəyərləndirmək lazımdır. Yəni Yunanıstan və Kiprin Ermənistanı yanına alaraq hərbi təlimlər keçirməsi və ondan alınan nəticələr Azərbaycan ilə  Türkiyəyə qarşı istifadə olunacaq. Ona görə də Azərbaycan dövləti Yunanıstanın bu cür gedişlərinə uyğun cavab verməlidir".

Ekspert onu da qeyd edib ki, Ermənistanda belə şeylərin olması gözləniləndir:

"Amma Yunanıstan bu oyunlarda iştirak etməməlidir. Kuzey Kıbrıs Türk Cümhuriyyətinin müstəqilliyini tanımaqla  Yunanıstana yerini göstərmək lazımdır. Noyabrın 13-də Bakıda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin böyük təntənə ilə 40 illiyi qeyd edildi. Artıq bu münasibətləri rəsmi şəkildə tanınma ilə bərkitməliyik. Yunanıstan və onunla birlikdə türklərə diş qıcamağa çalışan Ermənistan başa düşməlidir ki, ata biləcəyimiz addımlar tükənməyib. Əgər Yunanıstan açıq şəkildə işğalçı Ermənistan ilə bu cür yaxınlıq edirsə, biz niyə türk qardaşlarımızın qurduğu dövləti tanımayaq? Eyni zamanda həmin dövlət Azərbaycanın qurucularından olduğu Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür. Dünyanın bir çox dövlətlərarası qurumlarında Kuzey Kıbrıs Türk Cümhuriyyəti təmsil olunur. Ona görə də Azərbaycan qardaş ölkənin  tanınması prosedurunu başlanmalıdır".