Ermənistan üzərindən planları baş tutmadı

Qərbin Ermənistana dəstəyinə, silah göndərməsinə təəccüblənmək lazım deyil

Fransa ikiüzlü siyasətini davam etdirir. Cənubi Qafqazda "sülh tərəfdarı" olduğunu iddia edən Paris digər tərəfdən durmadan Ermənistanı silahlandırır. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi təşkilatın Nizamnaməsinə zidd hərəkət edir. Heç şübhəsiz, Fransanın Cənubi Qafqazda gərginlik yaratmaqda məqsədi tamam başqadır. Afrikadan və digər yerlərdən qovulan Fransa indiki halda Cənubi Qafqazda özünə dayaq axtarır. Əfsuslar olsun ki, Ermənistan da nə 44 günlük müharibədən, nə də birgünlük antiterror tədbirlərindən dərs çıxarıb. İrəvan anlamaq istəmir ki, rəsmi Paris hər vəchlə Cənubi Qafqazı Ukraynaya, Suriyaya çevirməyə çalışır. Ermənilər də kor-koranə şəkildə çirkin və təhlükəli planın reallaşmasında vasitəyə çevrilirlər. Ermənistanı müasir silahlarla təchiz edən Fransa destruktiv mövqe ortaya qoyur. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilib ki, Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası və bölgədəki destruktiv fəaliyyəti Parisin bölgədə yanlış maraqlardan çıxış etdiyini göstərir. Fransız silahının regiona daşınması bölgədə vəziyyəti gərginləşdirəcək, regionu fövqəldövlətlər arasında mübarizə meydanına çevirəcək. Ermənilər fransız silahını toy-bayram kimi qəbul etsə də, fərqli düşünənlər də var. Hesab edilir ki, tədarük edilən silahlar Rusiya silahı kimi əhəmiyyətsiz olacaq. Məsələn, “Acmat” şirkətinin "Bastion" zirehli döyüş maşınları Afrika və Yaxın Şərq iqliminə uyğundur. Cənubi Qafqaz şəraitində bu zirehli döyüş maşınları praktiki cəhətdən əlverişsiz sayılır. Problemlərdən biri də odur ki, Fransanın silah sövdələşməsinə Qərb ölkələrinin susqunluğudur. Azərbaycan 2020-ci ildə öz ərazisini işğaldan azad etməyə başlayanda elə bir dövlət qalmadı ki, ölkəmizi sanksiyalarla hədələməsin. İndi KTMT üzvü NATO-ya daxil olan ölkədən hərbi texnika və silah-sursat alır, lakin Qərbin səsi-səmiri çıxmır. Halbuki Avropa dövlətləri, sülhü təbliğ edən qurumlar Cənubi Qafqazın Fransanın əli ilə silahlandırılmasına reaksiya verməlidirlər. Anlamalıdırlar ki, bölgədə sülh və əmin-amanlığın bərpası, yekun sülh sazişinin imzalanması yolu məhz bundan keçir. Bununla yanaşı, Avropa Birliyi nazirləri Ermənistanda Azərbaycanla sərhədin gərgin olan ərazilərində "daha çox patrul həyata keçirəcək mülki missiyanın sayının artırılması" təklifini də dəstəkləyiblər. AB-nin ali nümayəndəsi Jozep Borrell deyib ki, Avropa Sülh Fondunun vəsaitləri hesabına Ermənistana mümkün dəstək və Ermənistan vətəndaşları üçün "vizanın liberallaşdırılması" variantı da müzakirə olunub: "Azərbaycana mesajım aydın idi: Ermənistanın ərazi bütövlüyünə xələl gətirmək cəhdləri qəbuledilməz olacaq və münasibətlərimizin keyfiyyəti üçün ağır nəticələr doğuracaq". Azərbaycan XİN Avropa İttifaqının ali nümayəndəsinə də cavab verib. Vurğulanıb ki, Azərbaycan əleyhinə səsləndirilmiş, regiondakı reallıqları qəsdən təhrif edən ittihamlar tamamilə qeyri-adekvat və qəbuledilməzdir. Bildirilib ki, Avropa İttifaqının 30 ilə yaxın müddətdə ölkəmizin suveren ərazilərinin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasına biganə yanaşması fonunda, Ermənistana ifadə olunan dəstək və Azərbaycana qarşı təhdid dolu ifadələr bu qurumun qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsidir. Aİ Xarici Fəaliyyət Xidmətinin bu və digər bölgələrdə sərgilədiyi riyakar yanaşmalardan da göründüyü kimi, bu qurum yanlış addımların qurbanına çevrilib. Bununla yanaşı, Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə təşviq etmək üçün heç bir addım atmayan Aİ-nin nümayəndəsinin səsləndirdiyi ittihamlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təhdiddir. 
  
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü tam şəkildə bərpa edərək, düşməni öz ərazisindən qovaraq, separatçı rejimi tarixdən silərək məsələnin vacib, ən əhəmiyyətli hissəsini həll edib. 

Deputat vurğulayıb ki, ancaq bu problemləri yaradanların, düşmənə zəhər verənlərin mövqeyi dəyişməyib:
 "Ermənistan bundan öncə Azərbaycana qarşı hansı mövqedə idisə, indi də ona davam edir. Qərb də əvvəllər İrəvanı necə dəstəkləyirdisə, hazırda da yardım edir, hətta 5 qat artıq dəstəkləyir. Çünki vaxtı ilə Ermənistan üzərindən həyata keçirdikləri planları baş tutmadı. Azərbaycan düşmənə və onun havadarlarına layiqli cavab verdi. Planlar Ermənistan qarışıq darmadağın oldu. Həm də o aydınlaşdı ki, keçmiş "Dağlıq Qarabağ" adlı separatçı rejim Azərbaycanı məhv etmək üçün ortaya atılmış alət imiş. Biz bunların üstündən xətt çəkəndən sonra Ermənistan və onlara dəstək olan Qərb ölkələri azğınlaşdılar. Ciddi şəkildə müqavimət göstərməyə başladılar. Aİ nümayəndəsi J.Borrell Azərbaycana hədə-qorxu gəlir. Niyə 30 illik işğal dövründə Ermənistana barmaq silkələyən olmadı? Niyə bir milyon qaçqın və köçkünlərin durumuna, Xocalı soyqırımına görə ermənilərə söz deyilmədi? Ermənilər Qarabağdan öz xoşları ilə rahat və təhlükəsiz şəkildə çıxıb getdilər. Ancaq buna görə bizə barmaq silkələyilər".
Komitə sədri vurğulayıb ki, Azərbaycanla hədə-qorxu dilində danışmaq olmaz: "Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə yanaşı, güclü, xalqın iradəsinə söykənən qüdrətli bir Ordu da yaradıb. Ən əsası haqlı tərəf bizik və tək deyilik. Avropanın içərisində olan qüvvələr böyük səylər göstərirlər ki, islam dünyasını inkişafdan geri qoysunlar. Əksər hallarda buna nail oldular. Ərəb-islam dünyasının inkişafının qarşısını kəsməyi bacardılar. Ancaq türk-islam aləminin önünü qapatmaq yadlarından çıxdı, gözlərindən qaçdı. Cənab Prezidentin böyüklüyünün ən vacib məqamlarından biri ondan ibarətdir ki, o, türk birliyini, türk fenomenini geopolitik müstəviyə gətirdi. Onların içərisində Azərbaycan və Türkiyənin rolunu xüsusi və əhəmiyyətli səviyyədə yüksəltdi. Avropa buna razılıq verərmi? Əsla yox. Versəydi, Türkiyəni çoxdan Avropa Birliyinə qəbul edərdilər, işğalçı Ermənistana "demokratik ölkə" deməzdilər. Ona görə Qərbin Ermənistana dəstəyinə, silah göndərməsinə təəccüblənmək lazım deyil. Gürcüstanı da bu işə qatıblar. Tbilisiyə vəd verirlər, sonra deyirlər ki, "icazə ver, ərazindən silah keçsin, yoxsa vədimizi geri çəkərik". Çox mürəkkəb, çətin dövr başlayıb".