Gürcüstan hər iki ölkəyə öz tranzit funksiyasından bərabər şərtlərlə istifadə etməsinə imkan verir. Bu sözləri Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili Fransadan Ermənistana ölkəsi vasitəsilə hərbi texnikanın daşınmasına münasibət bildirərkən deyib. Nazir əlavə edib ki, ölkələrin beynəlxalq razılaşmalarla qadağan edilməyən konvensional silah və sursatları əldə etmək hüququ var: “Biz bunu Prezident Əliyevin, Baş nazir Paşinyanın və həmçinin Azərbaycanın Baş nazirinin Gürcüstana səfəri zamanı da dəfələrlə eşitmişik. Gürcüstan hər iki ölkəyə bərabər şəraitdə ölkəmizin tranzit funksiyasından istifadə etmək imkanı yaradır. Bu, bərabər şərtlər əsasındadır. Söhbət beynəlxalq razılaşmalarla icazə verilən konvensional texnika və ya silahlardan gedirsə, istənilən ölkənin onu əldə etmək hüququ var. Bu, bizim məsələyə cavabımızdır və bu mövzuda əlavə eyham və ya söz-söhbət yersiz olar”. Qeyd edək ki, ötən həftə Fransadan göndərilən “Bastion” zirehli transportyorları Poti limanında qəbul edilib və Gürcüstan ərazisi ilə Ermənistana çatdırılıb. Çatdırılan hərbi texnikanın ən azı 21 ədəd olduğu bildirilir. Qonşu dövlətin bu addımı Azərbaycan ictimaiyyətində etirazlara səbəb olmuşdu. Lakin əksəriyyət vurğulayır ki, müəyyən məkrli qüvvələr Azərbaycanla qonşu Gürcüstanın münasibətlərini korlamaq niyyəti ilə bu cür təxribatları məqsədyönlü şəkildə tərtib edirlər.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərli də "Sherg.az"a açıqlamasında bildirib ki, bu məsələni fərqli istiqamətlərə çəkməyə ehtiyac yoxdur. Ekspert düşünür ki, Azərbaycan və Gürcüstanın arasını vurmaq üçün bu məsələdən məqsədli şəkildə istifadə edilir:
"Əvvəla, "Bastion" zirehli texnikadır və Azərbaycan üçün hansısa təhlükə sayılmır. Yəni Gürcüstan ərazisindən Ermənistana öldürücü və təhlükəli silah-sursat keçirilməyib. Əgər qonşu Gürcüstan Azərbaycana pislik etmək niyyətində olsaydı, bunu 44 günlük müharibədə edərdi. Gürcüstan savaş zamanı buna imkan yaratmadı. Azərbaycan Gürcüstanı dost və müttəfiq ölkə kimi qəbul edib. Gürcü rəsmilər də daim eyni münasibəti sərgiləyiblər. Görünür, bəziləri ya bilərəkdən, ya da bilmədən bu məsələni qabardırlar. Sözügedən texnika yaydan ordadır. Amma Gürcüstan hökuməti həmin maşınların keçirilməsinə icazə vermirdi. Bildiyim qədər Gürcüstanın rəsmi şəxsləri Azərbaycan nümayəndələri ilə görüşdə bu məsələni gündəmə gətiriblər. Bakı da buna etirazının olmadığını bəyan edib. Ona görə də bu məsələdən faciə düzəltmək lazım deyil. Qaşınmayan yerdən qan çıxartmaq heç kimə fayda verməz. Azərbaycan tərəfi bu məsələdən məlumatlı olub. Mətbuat da bəzi qüvvələrin fəndinə aldanmamalıdır. Gürcüstan hər zaman Azərbaycanın mənafeyini qoruyan qonşu ölkədir".