Ermənistanın buna nə dərəcədə hazır olması indi ciddi sual mövzusudur
Sülh sazişini yekunlaşdırmaq üçün bu formatda danışıqları davam etdirməyə və mümkünsə, ilin sonuna qədər sülh sazişi imzalamağa hazırıq. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla sülh danışıqları barədə danışarkən deyib. Qriqoryan qeyd edib ki, Ermənistan-Azərbaycan danışıqları tezliklə Brüssel və ya Vaşinqtonda baş tuta bilər: “ABŞ dövlət katibinin xüsusi nümayəndəsi Lui Bononun regiona səfərinin məqsədlərindən biri də Vaşinqtonda görüş təşkil etməkdir”. Qriqoryan İrəvan rəsmilərinin niyə Moskvaya getməməsi ilə bağlı sualı da cavablandırıb: "Biz vacib hesab etdiyimiz, hazırda fürsət gördüyümüz və aydın təkliflər aldığımız yerə gedirik".
Prezidentin köməkçisi Hikmət Hacıyev isə bildirib ki, Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını yubadır. Onun sözlərinə görə, Azərbaycan tərəfi Ermənistanın cavabının yaxın vaxtlarda təqdim ediləcəyi ümidi ilə ikitərəfli kanallar vasitəsilə Ermənistan tərəfinə müvafiq izahatlarla birlikdə sülh sazişinin düzəliş edilmiş 5-ci variantını təqdim edib: "Bu ilin sonunadək sülh müqaviləsini imzalamağa hazır olmaları barədə ictimaiyyətin bəyanatlarına baxmayaraq, Ermənistan tərəfi sənədin öz variantını təqdim etməyi iki aydan çox yubadır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, indi tarixi fürsətdir və xüsusilə Azərbaycanın suverenliyini bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə yoxdur. Ermənistanın buna nə dərəcədə hazır olması indi ciddi sual mövzusudur". Prezidentin köməkçisi vurğulayıb ki, sülh müqaviləsinin mətni nüvə fizikası deyil: "Azərbaycanın təklif etdiyi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, intensiv ikitərəfli danışıqlar yolu ilə sülh sazişinin mətni daha tez bağlana bilər. Top Ermənistanın meydanındadır!".
Millət vəkili Aydın Mirzəzadə "Sherg.az"a açıqlamasında deyib ki, əgər Ermənistan tərəfi həqiqətən sülh istəyirsə, günü sabah müqaviləni imzalaya bilər. Deputatın sözlərinə görə, sülh müqaviləsinin sənədi elə də böyük məsələ deyil:
"Hər iki dövlət qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü, razılaşdırılmış sərhədləri tanıyacaqlar. Sonra diplomatik əlaqələr qurulacaq və tərəflər bir-birinə qarşı hərbi əməliyyatlar aparmayacaqlarına dair öhdəliklər götürəcəklər. Yəni prinsip etibarı ilə elə də çətin məsələ deyil. Lakin iş orasındadır ki, Ermənistan ikili oynayır. İrəvan səmimi deyil, ikiüzlü siyasət yeridir. Bir tərəfdən beynəlxalq ictimaiyyətə, böyük dövlətlərin nümayəndələrinə sülh müqaviləsini imzalamağa hazır olduqlarını bildirirlər. Üstündən az zaman keçəndən sonra Azərbaycan əleyhinə bəyanatlar verirlər. Ölkəmizin daxili işlərinə qarışırlar, beynəlxalq ictimaiyyəti aldadırlar. Ermənistan ilk növbədə hansı mövqedə olduğunu aydınlaşdırmalıdır. Səhər bir cür, axşam başqa formada danışırlarsa, bu, zamanla erməni rəsmilərin imicinə çevrilir. Ona görə də İrəvan hökumətinin sülhdə maraqlı olub-olmadığını gələcək göstərəcək".