Ermənistanın aqressiv ritorikası: Aİ sülh yarada bilməz - RƏY

Fransadan Ermənistana verilən silahlar poliqonda yox, Azərbaycana qarşı istifadə ediləcək

  Fransanın Ermənistana hərbi texnika göndərməsi ciddi müzakirələrə yol açıb. Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan, "Acmat" şirkətinin istehsalı olan "Bastion" markalı çoxməqsədli zirehli maşınlar artıq Ermənistandadır. "Bastion" üçün avadanlıqlar da göndərilib. Avadanlıqları göndərən Fransanın ARQUUS şirkətidir. Fransanın siyasəti bütün beynəlxalq hüquq normalarına ziddir və qəbuledilməzdir. Ekspertlərin fikrincə, bu, erməni diasporunun istəkləri ilə bağlıdır. Erməni diasporu istəyir ki, regionda sülh yaranmasın və erməni xalqının "faciə"ləri ilə məkrli siyasətlərini davam etdirsinlər. Eyni zamanda Fransa erməni xalqını "qurban" obrazında təqdim etməklə regionda başa çatmış münaqişə vəziyyətini yenidən canlandırmağa çalışır. Fransa Ermənistanın hərbi təminatında əvvəllər də iştirak edib. Hərbi vasitələr daha çox rabitə avadanlıqları ilə bağlı idi və bu, daha çox yardım formasında həyata keçirilirdi. 2020-ci ildən sonrakı dövrdə Ermənistan-Fransa hərbi texniki əməkdaşlığının dərinləşdirilməsi ilə bağlı ciddi addımlar atıldı. Bu yaxınlarda Ermənistan müdafiə nazirinin Fransaya səfəri zamanı hərbi-texniki əməkdaşlığa dair konkret sənədlər imzalandı. Razılaşdırılmış müqaviləyə əsasən, Ermənistana zirehli texnikaların gətirilməsinə başlanıldı.
  Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Fransadan Ermənistana verilən silahlar poliqonda yox, Azərbaycana qarşı istifadə ediləcək. Analitik vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı beynəlxalq müstəvidə aqressiv ritorikanı davam etdirir: "Regionda anti-Rusiya siyasəti və Türkiyənin Cənubi Qafqaz, Mərkəzi Asiyada geosiyasi əhəmiyyətini artırması Qərbin Nikol Paşinyana siyasi dəstək verməsi ilə nəticələnir. Cənubi Qafqazda ciddi geosiyasi proseslər gedir. Avropa İttifaqının siyasi dəstəyi ilə Fransanın Ermənistana hərbi texnika və silahlarını tədarük etməsi, regionda yeni hərbi eskalasiyaya gətirib çıxarması mümkündür. Ermənistanda revanşizm siyasəti güclənir və İrəvanın Azərbaycana qarşı diplomatik müharibəsi davam edir. Ermənistan beynəlxalq müstəvidə elə təəssürat yaradır ki, guya Azərbaycan bu ölkənin cənub bölgəsini - Zəngəzuru "işğala" hazırlaşır. Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində və digər beynəlxalq təşkilatlarda Azərbaycana qarşı iddialar qaldırması, bu ölkənin nə qədər sülhdən kənar olduğunu göstərir".

  Ekspert diqqətə çatdırıb ki, İsrailin Qəzza zolağına qarşı hərbi əməliyyatlarına dəstək verən Qərb ölkələri Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına da göz yumacaq: "Ermənistanın sülhdən boyun qaçırmasında və silahlanmasında əsas məsuliyyəti Fransa və Avropa İttifaqı daşıyır. Avropa İttifaqı və ABŞ Cənubi Qafqazda qüvvələr balansının dəyişməsinə nail olmaq istəyir. Azərbaycan Türkiyənin ölkəmizdə hərbi bazasının yaradılması istiqamətində addımlar atmalıdır. Ermənistan və Fransa Cənubi Qafqazda Azərbaycana qarşı yeni oyun hazırlıqlarına başlayıb. Avropa İttifaqı Ermənistanda müşahidəçilərin sayının artırılması barədə qərar qəbul etməyə hazırlaşır. Bu da göstərir ki, Fransa və Avropa İttifaqı artıq Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında vasitəçi ola bilməz".