Azərbaycan və Türkiyənin müəllifi olduğu layihələrə alternativ olaraq irəli sürülüb
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokerti ilə görüşüb. Tərəflər Cənubi Qafqazdakı vəziyyətə və Ermənistanla Azərbaycan arasında nizamlanma prosesinə toxunublar. Mirzoyan Ermənistanın irəli sürdüyü “Dünyanın kəsişməsi” layihəsini təqdim edib. Ermənistan "Dünyanın kəsişməsi" layihəsini son günlər davamlı gətirir. Baş nazir Nikol Paşinyan deyir ki, Ermənistanın şimalından, cənubundan keçən dəmir yolları var və Ermənistan tranzit ölkə kimi Fars körfəzini Qara dənizlə birləşdirə bilər. Amma "layihəyə" əsasən, ölkədən keçəcək yol və dəhlizlərdə həmin dövlətin suverenliyi, yurisdiksiyası təmin olunmalıdır. Həmçinin yolun təhlükəsizliyini də ölkə özü təmin etməlidir kimi şərtlər var.
Siyasi şərhçi Tural İrfan deyib ki, Nikol Paşinyan qərbpərəst siyasət yürüdür və Rusiyanın regionda təsirinin azalmasını istəyir. Ekspertin fikrincə, bu layihədə İranın və bəzi Qərb ölkələrinin maraqlarının olması məlumdur:
"Ermənistanın maliyyə resursları bu layihənin gerçəkləşməsinə kifayət etmir. İrəvan ya İrandan, ya da Fransadan hər hansı formada maliyyə almağa məcburdur. Şübhəsiz, bu layihə Azərbaycan və Türkiyənin müəllifi olduğu və irəli sürdüyü layihələrə alternativ olaraq irəli sürülüb. Doğrudur, burada Azərbaycan və Türkiyə də nəzərə alınıb. Ancaq Rusiyanın nəzərə alınmaması layihənin reallaşdırılmasına maneələrin yaradılacağını istisna etmir. Bu, bir halda ola bilər ki, Rusiyanın maraqlarını həmin layihədə İran həyata keçirmiş olsun. Məqsəd Qərb dövlətlərinin maraqlarını və diqqətini daha çox Ermənistana yönəltməkdir. 10 noyabr Üçtərəfli bəyannamənin müvafiq bəndlərinə görə, Ermənistan Zəngəzur ərazisindən Naxçıvana dəhliz verməlidir və buna Rusiya nəzarət etməlidir. Ancaq İrəvan buna qarşı çıxır və fərqli layihələr irəli sürür. İrəvanın irəli sürdüyü layihənin gerçəkləşməsi hələ ki, sual altındadır".