İrəvan Qərbdən daha çox dəstək almaq üçün manevr edir - ŞƏRH

Ermənistanın KTMT-dən uzaqlaşmaq təşəbbüslərini səmimi hesab etmək olmaz

  “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmaq, Ermənistan daxilində Rusiyanın 102-ci bazasının olması Ermənistanın müdafiə və təhlükəsizliyinin elementidir”. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyanın Belarusda keçiriləcək KTMT sammitindən imtinasını “Sherg.az"a şərh edən politoloq Yeganə Hacıyeva deyib.
  Politoloqun sözlərinə görə, hazırda Ermənistanın KTMT-dən çıxmaq, 102-ci bazanı ölkədən çıxarmaq niyyəti ona görə yoxdur ki, Ermənistan üçün bu müdafiə imkanlarının alternativi hələ yoxdur: “Məsələn, 102-ci baza bu iki ölkənin Müdafiə Nazirliyinin müştərək qoşun bölmələri kimi Ermənistanın dövlət müdafiə və təhlükəsizlik təchizatlarıdır. Ermənistan KTMT-ni Azərbaycanla müharibəsində ona dəstək olmaması ilə günahlandırır. 44 günlük müharibədə KTMT-yə bir neçə dəfə müraciət etsə, iclas çağırmağa çalışsa da, Azərbaycanın digər müstəvilərdə strateji tərəfdaşları olan KTMT-yə üzvü ölkələr bununla razılaşmadı”.

  Y.Hacıyevanın sözlərinə görə, Ermənistanın KTMT-dən uzaqlaşmaq təşəbbüslərini səmimi hesab etmək olmaz: “Bu, Ermənistanın Qərblə Rusiya arasındakı konfrantasiyadan qazanmaq məqsədinə hesablanmış addımlardır.
  Ermənistan Qərbə KTMT-dən ayrılmaqla Rusiyadan qopduğunu göstərmək istəyir. O, Qərbdən daha çox dəstək almaq üçün manevr edir. Ermənistan gələcək üçün bir sıra addımlar atır. Ermənistan Qərb ölkələrindən Fransa və Yunanıstanla, qonşu ölkələrdən isə İranla müdafiə potensialını inkişaf etdirməyə çalışır. Misal olaraq Yunanıstanla 2023-cü ilin mart ayından başlayaraq regionlararası hərbi təlimlərdə iştiraka başlayıblar. Fransa ilə Ermənistan münasibətləri hərbi əməkdaşlıq müstəvisinə qaldırmağa qərar verib. Bu ilin aprelin əvvəlində Fransanın Silahlanma üzrə Baş Direktorluğunun nümayəndə heyəti İrəvana səfər edib.
Fransa-Ermənistan hərbi əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində işlər aparılır”.
  Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyasında iştirak etməyəcək.
  Bu barədə N.Paşinyan Belarus lideri Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı deyib. Onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək sessiyasının təşkili ilə bağlı məsələləri müzakirə edib. Baş nazir N.Paşinyan Belarus prezidentinə sessiyada iştirak edə bilməyəcəyi barədə məlumat verib və KTMT tərəfdaşlarının bu qərarı anlayacağına ümid etdiyini bildirib.