“Bu gün biz şanlı Azərbaycan bayrağının bütün Qarabağda dalğalanmasını görməkdən çox məmnunuq”.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler parlamentdə çıxışı zamanı bəyan edib.
O, artıq Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması üçün yeni imkanlar açıldığını deyib və İrəvanın bu məsələ ilə bağlı düzgün addımlar atacağına ümidini ifadə edib.
“Nəticə etibarilə bu günə qədər olduğu kimi yenə də “iki dövlət, bir millət” anlayışı ilə Azərbaycanın yanında olmağa davam edəcəyik”, - deyə nazir sözlərini yekunlaşdırıb.
Yaşar Gülərin fikirlərinə münasibət bildirən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a söyləyib ki, Türkiyənin Azərbaycana həm siyasi, həm də hərbi-strateji dəstəyi əvəzolunmaz faktordur:
"Türkiyə Azərbaycanın strateji hərbi müttəfiqidir və Azərbaycanı bütün sahələrdə heç bir şərt irəli sürmədən daim dəstəkləyir. Rəsmi Ankaranın Azərbaycana dəstəyi Ermənistanın beynəlxalq himayədarlarının, xüsusilə də, ABŞ, Fransa və Avropa Birliyinin təzyiqlərini bloklamaq baxımından böyük önəm daşıyır. Beynəlxalq himayədarlarının olmasına baxmayaraq, rəsmi İrəvan bu önəmli faktoru həmişə nəzərə almaq məcburiyyətində qalacaq. Ancaq bütün bunların sülh masasında birbaşa təsirindən danışmaq hələ çox tezdir. Çünki Ermənistan ABŞ və Qərbin dəstəyinə bəslədiyi ümidlərini hələ tam itirməyib. Rəsmi İrəvan həmin dəstəyin sayəsində mövcud situasiyanı öz xeyrinə dəyişə biləcəyini düşünür. ABŞ və Qərbə isə Cənubi Qafqazda sülh prosesinin uğur qazanması hələlik qətiyyən sərfəli deyil. Əksinə, Qərb siyasi iradə mərkəzləri Cənubi Qafqazda yeni savaşın baş verməsinə çalışırlar. Bu, onlara Ermənistan üzərindən Cənubi Qafqazda hərbi kontingent yerləşdirmək şansı qazandıra bilər. Ona görə də, Ermənistan ABŞ və Qərbin icazəsi olmadan sülh sazişinin imzalanmasına cəsarət etməz. Bu səbəbdən də, rəsmi İrəvan nə qədər ilin sonuna qədər sülh sazişinin imzalanmasına hazır olduğunu bəyan etsə də, hələlik bu, o qədər də inandırıcı görünmür. İndiki halda, rəsmi İrəvan bu bəyanatlar ilə beynəlxalq məkanda siyasi manipulyasiyalar etməklə məşğuldur".