Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirilib.
Dinləmələr zamanı ABŞ-nin səsləndirdiyi fikirlər onun dünyada ədalət carçısı kimi çıxış etməsini tamamilə təkzib edib. ABŞ uzun illərdir ki, özünü demokratiyanın beşiyi sayır, amma rəsmi Vaşinqton Liviya, Suriya, İraq və Əfqanıstanı uzun illər pis vəziyyətə salıb. 20 il Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə bir dənə də olsun obyekt tikməyib, yol salmayıb. Həmçinin bu illər ərzində bütün ölkəni narkotik plantasiyasına çevirib. Son məlumatlara görə, ABŞ Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb.
Bu ölkələrə qarşı dəyən ziyanlar uzun zaman keçsədə düzələ bilməyib.
ABŞ-nin işğal siyasətini "Sherg.az"a şərh edən siyasi şərhçi Həşim Səhrablı vurğulayıb ki, hazırda özünü demokratiyanın beşiyi, sülh tərəfdarı və hümanist bir ölkə olaraq göstərən Amerikanın iç üzünün açıldığı dünya ilə qarşı-qarşıyayıq:
"Amerikanın Əfqanıstan, Suriya, Liviya, yaxın Şərq və Cənubi Qafqazdakı siyasəti heç də həmin ölkələrə demokratiya, ədalət,rifah gətirmək istəyinin göstəricisi deyil. Əksinə olaraq orada Amerikanın maraq müharibəsinin izində olduğunu sübüt edirdi. Təəssüf ki, bu həqiqətlər gec ortaya çıxdı. Amma yaşamadan da həmin həqiqətləri gerçəyə çıxarmaq mümkün olmazdı. Amerika tərəfindən Azərbaycana qarşı bəyanatlar səsləndirilməsi və qərarlar verməsi öz maraqlarından çıxış edərək adını demokratiya qoyduğu yeni siyasətin təzahürüdür. Çünki doğrudan da, ədalətli bir yanaşma olsaydı, Amerika tərəfi min il əvvəl ermənilərin iddia etdiyi böyük Ermənistan tarixi xülyalarından yola çıxan rəsmi İrəvanı deyil, 100 il ərzində Paris sülh konfransında AXC-nin və həmin dövrkü Ermənistanın razılaşdığı sərhədləri əsas gətirərdi. Azərbaycan dövləti Qərbi Azərbaycana qayıdış siyasətini irəli sürərkən Ermənistana heç bir şəkildə ərazi iddiası qaldırmayıb. Əksinə olaraq həmin ərazilərdən qovulan Azərbaycanlıların öz tarixi ata-baba yurdlarına geri dönməsini istəyib. Bu isə ABŞ tərəfindən qəsdən işğal siyasəti kimi qiymətləndirilib. Amma 30 il de-fakto Qarabağda Ermənistan işğalı davam edərkən onlar əleyhinə heç bir ciddi addımlar, bəyanatlar və sanksiyaların tətbiq olunduğunu görməmişdik. Amerika dövlətinin bizə qarşı ikiüzlü siyasəti ilk dəfə olmur. Məsələn, ABŞ konqresinin "Azadlıq Müdafiə Aktına" 907-ci əlavəsi uzaq bir tarix deyil. Onu da nəzərə alaq ki, 907-ci düzəlişin olması Azərbaycanı haqlı yolundan döndərə bildimi? Əlbəttə, xeyr.
Biz Amerikanın ən sərt formada qadağalarına baxmayaraq öz siyasətimizi davam etdirmiş və torpaqlarımızı azad etmiş ölkəyik. Bu gün Amerikada Azərbaycan əleyhinə har hansı qərarın qəbulu xarici siyasətimizə ciddi zərbə vura bilməyəcək. Etiraf etmək lazımdır ki, müəyyən qədər təsirləri mümkündür. Amma bizi haqlı yolumuzdan döndərəcək və Ermənistana güzəştə getməyi gərəktirəcək qədər ciddi nəticələri olmayacaq".
Ekspert onu da vurğulayıb ki, dünyada ayrı-ayrı bölgələrdə baş verən geosiyasi vəziyyəti doğru qiymətləndirmək lazımdır:
"30 il əvvəl dünyanın tək söz sahibi olarkən belə Amerikanın Azərbaycana qarşı atdığı addımlar məntiqi nəticə verməyib. Bu gün isə dünya fərqli qütblərə bölünür. Yeni qütbləşmədə isə Azərbaycan Türkiyə ilə müttəfiq fonunda çıxış edir. Eyni zamanda bütün türk dünyasının birgə addımları çərçivəsində özü də dirçəlməkdə olan yeni güc mərkəzinə çevrilməkdədir. Hətta Qərbin daxilində belə parçalanmalar gedir. Belə bir reallıqda ABŞ-nin Cənubi Qafqazda hansı qərarlar verəcəyi heç bir önəm daşımayacaq. Amerikanın Əfqanıstan, Suriya Liviya kimi ölkələrə vurduğu ziyanlar tarix olub. Bundan sonra Amerikaya sadəcə olaraq təzminat davaları açıla bilər. Amma bunun da çox effektiv nəticələri olmayacaq. ABŞ bundan sonra Əfqanıstanda nə qədər yaxşı addımlar atsa da, biz onu insanlara sevdirə bilmərik. Çünki Amerika artıq bu xalqların tarixində öz qanlı izini buraxdı və onların nifrət etdiyi ölkəyə çevrildi. Bunların hamısı ABŞ-nin dünyada əvvəlki söz sahibliyini itirdiyinin carçısı olacaq".