Geosiyasi qarşıdurma: Ermənistan “ikinci Ukrayna”ya çevrilir?

Qərb Paşinyanın əli ilə Cənubi Qafqazda qlobal geosiyasi qarşıdurmanı körükləyir


 ABŞ və Fransa kimi Qərb güclərinin qızışdırdığı Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını bildirib. Paşinyan hərbi alyansın Minskdə keçiriləcək sessiyasında iştirakdan da imtina edib. Ermənistanın KTMT-nin sıralarından de-fakto çıxması çoxdan məlumdur. Sadəcə olaraq bunun hüquqi və siyasi cəhətdən rəsmiləşməsi qalmışdı. Ancaq Paşinyan bu addımı de-yure atmağa cəsarət etmirdi. Rusiyanın Gümrüdəki hərbi bazasının varlığı, Ermənistan sərhədlərinin Rusiya hərbçiləri tərəfindən qorunması və ölkə iqtisadiyyatının Rusiyadan tam asılılığı Nikol Paşinyana Ermənistan-Rusiya münasibətlərini qırılma həddinə çatdırmağa imkan vermirdi. Lakin ABŞ-nin Ermənistana genişhəcmli yardım paketini vəd etməsi və Fransanın Avropa İttifaqı ilə birgə səyləri ilə rəsmi İrəvanı tam himayəçilik zəmanəti ilə şirnikləndirməsi son günlərdə Paşinyanı bir xeyli cəsarətləndirib. 
 
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a bildirib ki, Ermənistanın baş nazirinin ritorikası gün-gündən daha da sərt anti-Rusiya xarakteri almaqdadır: 
"Qərb Paşinyanın əli ilə Cənubi Qafqazda qlobal geosiyasi qarşıdurmanı körükləyir. Böyük ehtimalla Ermənistanı “ikinci Ukrayna”ya çevirməyə hazırlaşır. Görünən budur ki, qlobal geosiyasi oyunların iştirakçısı olmaqdan zövq alan Nikol Paşinyan reallıq hissini tamamilə itirib. Eyforiya hissinə qapılan erməni baş nazir Moskva-İrəvan xəttindəki qırılmaların süni surətdə aktivləşdirilməsinin sadəcə Qərblə Rusiya arasında gərginliyi artırmağa deyil, eyni zamanda bütün Cənubi Qafqazı qlobal geosiyasi qarşıdurma meydanına çevirdiyini anlamır. ABŞ və Avropa İttifaqı Ermənistan üzərindən Rusiyaya qarşı siyasi-diplomatik revanşa start verib. Rusiya-Ukrayna və İsrail-HƏMAS münaqişələrinin nəticələri ilə qane olmayan Qərb indi də Cənubi Qafqaz vektorunda gərginliyi artırmaqla məşğuldur. ABŞ-nin və Fransanın siyasəti bizim regionu qan çanağına çevirməyə xidmət edir". 

Analitikə görə, Ermənistan isə həmişə olduğu kimi katalizator rolunu ustalıqla oynayır: 
"Bu ölkə havadarlarını əlcək kimi dəyişməyə vərdiş edib. Lakin Paşinyan isə bunun region üçün böyük təhlükələrə yol açdığının fərqində deyil. Azərbaycan ilə sülh müqaviləsini imzalamağa hazır olduğunu tez-tez səsləndirən Ermənistanın baş naziri əsl həqiqətdə isə yeni havadarlarının diktəsi ilə regionda sülh və təhlükəsizliyi sabotaj edir".