Zəngəzur dəhlizinin region üçün yeni imkanlar yaradacağı güman edilir.
Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Zəngilan şəhərində keçirilən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.
“Bu region füsunkar gözəlliyə malikdir, eyni zamanda, mühüm nəqliyyat marşrutlarından biridir. Azərbaycan qlobal logistika-nəqliyyat sahəsində əsas oyunçulardandır, Avropa ilə Asiyanı birləşdirir və bunlar iqtisadi artım üçün imkan yaradır. Nəqliyyat məsələləri türk dövlətləri üçün pioritet məsələlərdəndir. Bu, sənədlərdə də öz əksini tapıb. Bu tədbirdə də nəqliyyat və tranzit əməkdaşlığının təkmilləşdirilməsi, çətinliklərin aradan qaldırılması əsas hədəf götürülüb. Bizim əsas məqsədimiz Orta Dəhlizin inkişaf etdirilməsidir”, - deyə o qeyd edib.
“Bizim strategiyamız ən qısa müddətdə Orta Dəhlizi təhlükəsiz nəqliyyat dəhlizinə çevirməkdir. Bundan başqa, biz regionumuzu nəqliyyat habına çevirməyi nəzərdə tuturuq. Zəngəzur dəhlizi də sosial-iqtisadi, geosiyasi faydaları təmin edəcək”, - deyə baş katib əlavə edib.
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov “Sherg.az”a bildirib ki, Zəngilan şəhərində Beynəlxalq elmi konfransın keçrilməsi əlamətdar hadisədir:
" Bu konfransda müxtəlif dövlətlərin nümayəndələri iştirak edib. Xüsusilə də Türk Dövlətləri Təşkilatının təşəkkül tapması, daha da inkişaf etdirilməsi, yeni prioritet və çalarların meydana gəlməsi çox yaxşı haldır. Digər tərəfdən Beynəlxalq konfransın əsas tematikası nəqliyyat-logistika kontekstində yeni bağlantıların formalaşması və Zəngəzur dəhlizidir. Bu isə çox böyük diqqət çəkən mövzudur. Şübhəsiz ki, Zəngəzur dəhlizi türk dövlətləri üçün pioritet məsələlərdəndir. Həmçinin, türk dövlətləri arasında əlaqələrin daha möhkəm təməllər üzərində qurulmasını özündə ehtiva edir".
Ekspert onu da vurğulayıb ki, Zəngəzur koridoru sosial, iqtisadi, geosiyasi məzmunda böyük bir coğrafiyada əməkdaşlığı gücləndirəcəkdir:
" Baxmayaraq ki, Zəngəzur dəhlizi hələ də Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında təmin olunmayıb. Bu isə Ermənistanın qeyri-konstruktiv münasibətilə bağlıdır. Zəngəzur dəhlizinin böyük bir gələcəyi var. Orta dəhliz ideayasının inkişaf etdirilməsi, onun böyük coğrafiyada yaşayan xalqların iqtisadi, sosial rifahına müsbət təsir etməsi hər kəsi düşündürməlidir. Eyni zamanda Avrasiya məkanında kommunikasiya xətlərinin inkişafı ən müasir çağırışlardır. Rusiya Ukrayna müharibəsi kontekstində Şimal dəhlizi istiqamətində məhdudiyyətlər mövcuddur. Eyni zamanda yaxın Şərqdə savaş və eskalasiya nəqliyyat tranzitini bir qədər də prioritetə çəkir. Bu baxımdan Zəngəzur dəhlizi müstəsna əhəmiyyətə malikdir. Bütün beynəlxalq ictimaiyyət Ermənistana və regionda sülh istəməyən bütün qüvvələrə qarşı nəqliyyat axınını təmin etmək üçün təzyiq göstərməlidir".