Makronun qərəz kampaniyası: Azərbaycana qarşı idbar bəyanatlar!

"Fransanın Ermənistana dəstəyinin məqsədi Cənubi Qafqazla bağlı məkrli siyasətini yeritməkdir, yəni regionda vəziyyəti gərginləşdirərək Ermənistan vasitəsilə regionda söz sahibi olmaq istəməsidir".
Bunu "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, Fransa Prezidenti Emmanuel Makron dövlətlərarası münasibətləri tənzimləyən diplomatik qaydaların  üstündən xətt çəkib açıq şəkildə Azərbaycana qarçı qərəz kampaniyasına aparır:

“Fransa bir sıra qərb dairələri ilə həmrəy olaraq Ermənistana hərbi yardımlar etməkdədir ki, bu da regionda sülhün əldə olunmasına birbaşa maneə yaratmaq deməkdir. Avropa İttifaqının, eləcə də onun Avropa Sülh Fondunun Ermənistana yerləşdirilmiş missiyasının dumanlı məqsədləri regional təhlükəsizliyə nəinki töhvə vermir, əksinə gərginlik yaradır. İkinci Qarabağ müharibəsindəki qələbədən sonra dövlətimizin artan nüfuzu görünür ki, bu gücləri çox narahat edir. Günü gündən güclənən Azərbaycanın siyasi iradəsi onları qorxudur və dövlətimizin nailiyyətlərini aşağılamaq üçün idbar bəyanatlarını daha da intensivləşdiriblər. Uğursuz cəhdlərinə yeni forma və məzmun vermək istəyi onları növbəti dəfə mat vəziyyətinə salır”. 

Deputat qeyd edib ki, qərb dairələrinin Ermənistana bu formada dəstəyi digər regional ölkələr tərəfindən belə qınanılır:
“Dünya təcrübəsi göstərir ki, Qərb dairələrinin bu formada dəstəklədiyi dövlətlər üçün sonrakı gedişat heç də müsbət olmur. Qərbin Ermənistana bu “isti münasibəti” artıq Rusiya və İranın da diqqət mərkəzindədir. Belə ki, Ermənistanın silahlandırılması, onun yenidən azğınlaşmasına və regionda yaranmaqda olan slüh prosesinin ciddi şəkildə zədələnməsinə səbəb ola bilər. Fransanın Ermənistanı silahlandırması işğalçı ölkədə revanşizm əhval-ruhiyyəsini yüksəldir, separatizm meyillərini gücləndirir. Görünən odur ki, Fransa üçün nə regionun, nə də dünyanın təhlükəsizliyi önəmli deyil. Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Fransa və Qərb dairələrinin ikili standartlara davam etməsi və Ermənistana açıq silahlı dəstəyi onların özü üçün ziyanlıdir. Bölgədə inamsızlıq mühitini formalaşdırmaqla yanaşı bu qüvvələr hər şeydən əvvəl öz nüfüzlarını da ciddi zədələyiblər”.