“Ermənistan Azərbaycanla yeni münaqişəyə başlaya bilər”
Gürcüstan Müdafiə naziri Cuanşer Burçuladze İrəvana səfəri çərçivəsində erməni həmkarı Suren Papikyanla görüşərək bölgədəki təhlükəsizlik mühitini nəzərdən keçirib.
Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, Cuanşer Burçuladze Gürcüstanın “Dinc Qonşuluq Təşəbbüsü” layihəsi çərçivəsində regionda sülh prosesinin təşviqini davam etdirməyə hazır olduğunu vurğulayıb.
Məlumatda tərəflərin Ermənistan və Gürcüstan arasında müdafiə sahəsində cari və gələcək əməkdaşlığı müzakirə etdiyi, görüşdən sonra iki ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı əməkdaşlıq planı imzaladığı qeyd olunub.
İki ölkə arasında əlaqələri "Sherg.az"a şərh edən siyasi şərhçi Mübariz Göyüşlü vurğulayıb ki, istər Gürcüstan, istərsə də Ermənistan hansısa ölkə ilə əməkdaşlıq etməyi müəyyənləşdirməkdə sərbəstdir:
"Yəni iki ölkə arasında hansısa sənədlər imzalanırsa, bu onların öz işidir. Amma hərbi məsələlərdə Gürcüstanın Ermənistan ilə müəyyən sənədlər imzaladıqdan sonra razılaşmalar həyata keçirilməsi bizim üçün həssas mahiyyət daşıyır. Çünki Ermənistan Azərbaycan ilə münaqişə vəziyyətində olub. Bu qarşıdurma bitib, amma hər an yenidən alovlanma ehtimalı var. Eyni zamanda sülh müqaviləsinin imzalanmadığı, sərhədlərin müəyyənləşdirilmədiyi bir məqamda Ermənistanın hərbi potensialını gücləndirməklə bağlı istənilən addımı Azərbaycanda həssaslıqla qarşılanır və izlənilir. Əgər bu çalışmalar Azərbaycana aqressiya doğurmayacaq və Ermənistanı hərbi hərəkət keçirməyə həvəsləndirməyəcəksə, burada qeyri-adi məsələ yoxdur".
M.Göyüşlü həmçinin, söyləyib ki, bu günlərdə Gürcüstan üzərindən Ermənistana Fransadan göndərilən silahların daşınması kimi xəbərləri eşitdik:
"Ondan sonra belə bir müdafiə sahəsində müqavilələrin imzalanması təbii ki, bizi bir az narahat edir. Çünki Ermənistan hərbi potensialını artırdıqdan sonra Azərbaycanla yeni münaqişəyə başlaya bilər. Bu isə bölgədə yenidən gərginliyin yaranması deməkdir. Bu baxımdan Gürcüstanı belə məsələlərdə diqqətli olmağa səsləyirik. Gürcüstan hökuməti Azərbaycanla əməkdaşlığını, bölgədəki ortaq iqtisadi layihələrdən çıxışını nəzərə almalıdır. Eyni zamanda Ermənistanın hərbi potensialı artıran və aqressiyasını gücləndirən çalışmalar həyata keçirməkdən çəkinməlidir".