Müharibə duracaq
Müttəfiqləri Volodimir Zelenskiyə Ukraynanın mövqelərini itirməsi ilə bağlı xəbərdarlıq edirlər. Bu barədə “Taym” jurnalı məlumat yayıb. Nəşr bildirib ki, Qərb liderləri Zelenskiyə zamanın onun tərəfində olmaması ilə bağlı məxfi şəkildə xəbərdarlıq edirlər. Lakin nəşr bildirir ki, Putinlə danışıqlara başlamaqla da heç nəyə nail olunmayacaq: "Ümumi situasiya Putinin xeyrinə dəyişir. Ukrayna ordusunun əks-hücumu uğurlu olmadı. Qərb isə bahalı çıxılmaz layihəni dəstəkləməkdən ehtiyat edir. Bundan əlavə, Ukrayna üçün nəzərdə tutulan vasitələr də indi İsrailə dəstək və fələstinlilərə humanitar yardım üçün göndərilir”.
Politoloq Tural İrfan "Sherg.az"a bildirib ki, Ukrayna savaşı artıq yorucu hal alıb. Onun sözlərinə görə, Ukraynanı təhrik edən Qərb Gürcüstan məsələsində olduğu kimi yenə də həvəsləndirib irəli verdiyi liderin arxasından qaçır:
"Eynən Mixail Saakaşvilinin başına gələnlər Zelenskinin də başına gələ bilər. Həm müharibənin xərcləri artır, həm də İsrail-Fələstin məsələsi Qərbin narahatlığını artırır. Həmçinin zaman keçdikcə Rusiyanın nüfuzu bərpa olunur. Qərb birmənalı İsrailin tərəfini tutur, ancaq Rusiya əzilən tərəf hesab olunan Fələstinin yanında dayanır. Məhz bu məsələ Ukrayna mövzusunda nüfuzu sarsılmış Rusiyanın əvvəlki sanbalını bərpa edir. Problem isə ondadır ki, Ukrayna ümumiyyətlə hər bir halda Rusiya ilə savaşda qalib gələ biləcək gücdə deyil. Qərbin ona dəstəyi də sonsuz ola bilməz. Qərb "demokratiya", "insan hüquqları" mövzusunu xalqları istismar etmək üçün sui-istifadə edir. Əsasən maddi maraqlarının təminatını düşünür".
T.İrfan vurğulayıb ki, Qərb Ukrayna məsələsində sonu görünməyən bir qaranlığa düşməyin mənasız olduğunu anlayır: "Rusiya köhnə silahlarını işə salaraq yorucu və üzücü uzunmüddətli müharibə aparır. Bu da Qərbin maraqlarına zərbə vurur. Zelenski hökumətinə Qərbin dəstəyi yaxın zamanlarda minimuma enəcək. Qərb Zelenski kartından istifadə edərək özü Rusiya ilə sövdələşməyə gedərək Zelenskini Saakaşvili kimi tərk edəcək. Zelenski bunu vaxtında anlamalı və özü ən optimal variantı qəbul etməlidir. Rusiya ilə danışaqlarda müstəqil qərar verməlidir. Qərb heç vaxt təhrik edib önə verdiyi liderin axıra kimi yanında olmayıb. Vəziyyətin gedişi zamanı yaranmış durumda öz maraqlarını götürüb və oyundan çıxıb".