Hər hansı bir institut yaratmağa cəhd olsa, aqibətləri ağır olacaq
Qarabağ separatçılarına Ermənistanda hər hansı bir institut yaratmağa imkan verilməyəcək. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərin suallarına cavab verərkən deyib. Onun sözlərinə görə, İrəvanın separatçıların hansısa təşkilatını maliyyələşdirmək planı yoxdur. Spiker Qarabağla bağlı hər hansı institutların yaradılması cəhdini Ermənistanın təhlükəsizliyinə təhdid və zərbə sayır. O, həmkarlarını belə bir mövqe tutmağa çağırıb. Bununla belə onun fikrincə, Qarabağ ermənilərinin problemləri var və Ermənistan rəhbərliyi bunları həll etməlidir. Parlament rəhbəri vurğulayıb ki, ilin sonuna qədər İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına az da olsa güman var: “Ümid edirik ki, sülh müqaviləsi imzalanacaq. Belə ki, Baş nazirin də dediyi kimi, üç əsas prinsip üzrə razılıq əldə edilib”.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, Qarabağ separatçıları Ermənistan ərazisində fəaliyyətlərini davam etdirərsə, “mühacir hökumət” və “mühacir parlament” formalaşdırar, bu, Ermənistana baha başa gələcək:
"Buna cavab olaraq Azərbaycan ərazisində də Qərbi azərbaycanlıların mühacir hökuməti və mühacir parlamenti formalaşacaq. Ermənistan hökumətinin ən çox qorxduğu Azərbaycanda Qərbi Zəngəzur mövzusunun müzakirə edilməsidir. Alen Simonyanın açıqlamasının ardınca, İrəvanda Qarabağ separatçılarının “nümayəndəliyi” də ləğv edilməlidir".