Hərçənd, qarşıda qatı açılmamış bir sıra problemlər mövcudiyyətini qoruyub saxlayacaq
“Vaşinqton-ABŞ xəttində münasibətləri sabitləşdirmək səylərinin ciddi mənada bir nəticə verəcəyini gözləmək əbəsdir"
ABŞ Prezidenti Co Bayden ilə Çin Sədri Si Cinpin arasında San-Fransiskoda görüş keçirilib. Çin lideri Baydenlə görüşdə ABŞ-ni həmrəyliyi və əməkdaşlığı gücləndirməyə, qlobal problemlərə cavab verməyə və beynəlxalq təhlükəsizliyi, rifahı təşviq etmək işində Çinlə əməkdaşlıq etməyə çağırıb. Eyni tezis Baydenin də bəyanatlarında öz əksini tapıb.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a bildirib ki, məntiqlə liderlər dünyanın üzləşdiyi problemləri müştərək maraqlarla həll etmək üçün məqsədlərini sövdələşmələr istiqamətində irəlilətməyə çalışırlar. Amma beynəlxalq nizamın quruluşu və onun dəyişdirilməsi ilə əlaqədar ortaya çıxan təhlükəsizlik çağırışlarına yanaşma fərqli olaraq qalmaqdadır:
"Deməli, Baydenlə Cinpinin müzakirələri, sadəcə olaraq, ABŞ ilə Çinin rəqabətindəki şiddəti azaltmaq üçün bir fürsət idi. Hərçənd, qarşıda qatı açılmamış bir sıra problemlər mövcudiyyətini qoruyub saxlayacaq. Buraya hərbi-siyasi paketdəki ziddiyyətli mövqelərdən tutmuş, iqtisadi-ticari sahədəki böyükmiqyaslı rəqabətin konteksti daxildir. Qlobal layihələndirmədə Çin və ABŞ-nin özünəməxsus məntiqləri və dinamikaları var. Liderlər bir-biri ilə ziddiyyətdə dayanan mövqeləri bir ortaq məxrəcə gətirə bilməkdən uzaqdırlar. Ən yaxşı halda, Vaşinqtonla Pekin bir-birinə müvəqqəti də olsa, problem yaratmamağı daha məqsədəuyğun sayıb bu formul ətrafında sövdələşmə ruhunu inkişaf etdirə bilərlər.
Liderlər ABŞ ilə Çinin beynəlxalq trayektoriyadakı hərəkətlərini cilovlamaq siyasətinin yanlış olduğuna bir-birilərini inandırmağa çalışıblar. Amma mümkün razılaşmalar belə, Çin-ABŞ qlobal rəqabətinin fövqünə çıxmaq qabiliyyətini çoxdan itirib. Ona görə də Vaşinqton-ABŞ xəttində münasibətləri sabitləşdirmək səylərinin ciddi mənada bir nəticə verəcəyini gözləmək əbəsdir".
Ekspert diqqətə çatdırıb ki, Bayden-Cinpin danışıqlarının qlobal nəticələrə birbaşa təsirləri ilə bağlı əhəmiyyətli sürpriz gözlənilmir:
"Lakin budəfəki görüş ABŞ tərəfdən bu baxımdan önəmli idi ki, o, sadəcə olaraq, münaqişələrin idarə edilməsi potensialını Çinin yüksələn qüdrəti qarşısında itirməsin. Yəni Çinlə ABŞ bir-birinə qarşı gərgin fazaya daxil olanda bunu yumşaltmaq üçün açıq ünsiyyət xətlərini saxlamağı özlərinə borc bilirlər. Güman yarana bilər ki, Çinlə ABŞ başqa-başqa istiqamətlərdə geniş paket üzrə qarşılıqlı güzəştə hazırlaşır. Amma bu məsələ Tayvan mövzusunda klassik qırılma xəttinə məxsus deyil. ABŞ Tayvanı əldən versə, onun beynəlxalq sifətinə ciddi zərbə dəymiş olar. Pekin də Tayvanı Vaşinqtona güzəştə getsə, bu, Çinin qlobal qüdrəti haqqında təsəvvürləri darmadağın edər. Bu baxımdan Bayden-Cinpin danışıqlarından sonra Çinin adanı öz suverenlik çətiri altına salmaq əzmini göstərmək üçün hərbi manevrlərini genişləndirəcəyinə inam var. Nəticə olaraq, Bayden-Cinpin görüşündən konstruktiv əməkdaşlıq üçün aşağı səviyyəli gözləntilər daha çox hərbi-siyasi və iqtisadi sferadakı rəqabətlə əlaqəlidir".