Ermənistan ABŞ-ın köməyi ilə Ukraynaya “Toçka-U” raket sistemlərini verməyə razılaşıb.
Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu rusiyayönlü mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu məlumatı təsdiqləyən heç bir sübut yoxdur:
“Ermənistanın Ukraynaya nə qədər “Toçka-U” kompleksi verə biləcəyi də məlum deyil”.
Mənbələr Ermənistan hökumətinin KTMT-dən çıxmağa hazırlaşdığını da iddia edir.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Ermənistanın bütövlükdə ABŞ-nin köməyi ilə rəsmi Kiyevə hərbi yardım göstərməsi Rusiya Ukrayna münasibətlərində bütün hədlərin aşılması deməkdir:
"Rusiya bu qədər açıq-aşkar düşmən siyasətini həzm etməyəcək. Bu Ermənistan ilə Rusiya münasibətlərindəki konfrantasiyanı daha da artıracaq. Eyni zamanda məlumatın nə qədər real olduğunun özü də sual doğurur. Çünki bu gün Ermənistan Rusiyaya qarşı nifrət siyasi xətti həyata keçirsə də, açıq şəkildə Şimal qonşumuzu qızışdıracaq cəsarəti yoxdur. Amma Ermənistanın xəyanətkar dövlət olduğunu nəzərə almaq lazımdır. Buna görə də Rusiyanın Ermənistana verdiyi silah-sursatı Qərb vasitəsilə Ukraynaya ötürmək ehtimalı var. Bir tərəfdən Nikol Paşinyan hakimiyyətinin qorxaqlığına görə bu məsələ ağlabatan və inandırıcı görünmür. Digər tərəfdən isə Ermənistanda siyasi ikiüzlülük dövlət məhvərində dayandığı üçün bizdə haqlı suallar yaradır ki, onlar bu addımı ata bilərlər. Bu yardım Ermənistanın Qərb imperializmi qarşısında tam təzim etdiyini göstərəcək. Bütövlükdə isə Rusiya ilə Ermənistan arasında münasibətlər kəskin şəkildə gərginləşəcək. Həmçinin, Ermənistan KTMT-dən çıxmağa da cürət edə bilməz. Çünki Ermənistanın KTMT ilə konkret müqaviləsi var. Amma burada üzv olaraq qalsa belə, KTMT-nin tədbirlərinə qatılmayacaq".