“Ermənistanın yeni yol ayrıcında konsepsiyası utopiyadır”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfrans çərçivəsində xarici jurnalistlərə deyib.
Onun sözlərinə görə, Ermənistan yeni yol ayrıcında konsepsiyası irəli sürmüşdü:
“Bu, onun öz qərarıdır, ancaq utopik xarakter daşıyır. Biz son üç ildə müzakirə apardıq, nəticə olmadı. Ona görə də Ermənistan müzakirə etməli, bunun nə dərəcədə effektiv olduğunu düşünməlidir. Azərbaycanın da B planı var idi. Bu plan ondan ibarətdir ki, İran ərazisindən keçərək nəqliyyat əlaqələri qurulsun. Artıq İran və Azərbaycan arasında hökumətlərarası sənədlər imzalanıb. Digər tərəfdən, Qars-İğdır dəmiryolunun qurulması üçün qardaş Türkiyə ilə əlaqələrimiz davam edir. Bununla da regionumuz ətrafında dairəvi dəmir yolu xətti qurulmuş olacaq. Ancaq Ermənistan son üç ildə bu xəttin salınması üçün heç bir addım atmadı. Biz də sona qədər gözləyə bilmərik. Orta Dəhliz yeni reallıqlar ortaya çıxarır”.
Hikmət Hacıyevin fikirlərini münasibət bildirən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a söyləyib ki, Ermənistan hazırda blokada şəraitində olan ölkədir:
"Mövcud blokada reallığı isə məhz Ermənistanın onilliklər boyu Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin nəticəsidir. Nə qədər qəribə də olsa, rəsmi İrəvan hələ də keçmişdə buraxdığı kobud geosiyasi səhvlərdən dərs çıxartmayaraq, onları yenə də təkrarlayır. Vaxtilə Gürcüstandan keçirilən nəqliyyat-kommunikasya və enerji resurslarının nəqli ilə bağlı xətlərin Ermənistan ərazisindən çəkilməsi nəzərdə tutulmuşdu. Ancaq Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması rəsmi Bakını Gürcüstana yönəltdi. İndi isə Gürcüstan həmin xətlərin sayəsində külli miqdarda tranzit gəliri əldə edir.
Ermənistan bu səhvi düzəltmək üçün real şans qazanmışdı. Zəngəzur dəhlizinin açılması Ermənistana külli miqdarda tranzit gəliri vəd edirdi. Ancaq rəsmi İrəvan yenə də bu marşrutun açılmasını müxtəlif bəhanələrlə gecikdirdi. Nəticədə rəsmi Bakı Ermənistanın kaprizlərinə uzun müddət səbr göstərmədi və alternativ varianta yönəltməyə üstünlük verdi. İndi həmin marşrutun məhz İran ərazisindən keçirilməsi reallığa çevrilmək üzrədir. Bu isə o deməkdir ki, Ermənistan növbəti dəfə olduqca böyük əhəmiyyət daşıyan geoiqtisadi layihədə iştirak şansını itirmək üzrədir. Yəni, rəsmi İrəvan öz düşünülməmiş addımları ilə Ermənistanın blokada şəraitində qalmasına səbəb olur, hətta onu daha da dərinləşdirir".
Analitik vurğulayıb ki, Paşinyan hakimiyyəti rəsmi Bakının Naxçıvan marşrutunu İrandan keçirtmək qərarından sonra narahat olmağa başlayıb:
"İndi rəsmi İrəvan "sülh qovşağı" adlı uydurma bir layihə "icad" edib və onu təbliğ etməyə çalışır. Ancaq geoiqtisadi layihələr təbliğat ilə deyil, məhz ona olan ehtiyac nəticəsində reallaşır. Rəsmi İrəvanın "sülh qovşağı"na isə hazırda heç bir dövlətin ehtiyacı yoxdur. Azərbaycan Gürcüstan üzərindən Türkiyə ilə əlaqələrə malikdir. Eyni zamanda, Rusiya da Azərbaycan üzərindən İranla marşrut xətti qura bilib. Azərbaycan İran ərazisindən Naxçıvana marşrut açdıqdan sonra Ermənistana ümumiyyətlə, heç bir ehtiyac qalmayacaq. Yəni, rəsmi İrəvan Ermənistanı blokadadan çıxartmaq şansını boşa verərək, mövcud situasiyanı daha da qəlizləşdirmək üzrədir. Əgər, Ermənistan Zəngəzur dəhlizinin açılmasını istəyirsə, dərhal hərəkətə keçməlidir və Azərbaycanla anlaşmalıdır. Əks halda, Ermənistan öz günahı ucbatından daha ağır blokada şəraitinə düşə bilər və gələcəkdə bu vəziyyətdən çıxmaq mümkün olmayacaq. Bu baxımdan, rəsmi İrəvan Ermənistana geoiqtisadi problemlər yaratmaqda davam edir".