Amerikanın fikirləri ritorik xarakter daşıyır-Analitik

“Ermənistan və Azərbaycanın birbaşa olaraq regionun xeyrinə olan problemləri müzakirə edərək həll etməsi vacibdir”.
“Report”un ABŞ bürosu xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında deyib.
“ABŞ Dövlət Departamenti hesab edir ki, hər iki ölkənin davamlı razılaşma əldə etməsi üçün birbaşa danışıqlar aparması vacibdir. Deyim ki, biz razılaşmanın əldə olunması üçün hər iki ölkənin rəhbərliyini cəlb etməyə davam edirik və bölgədə qalıcı, davamlı sülhə kömək etməyi təklif edirik.
Biz digər ölkələrin bu danışıqları asanlaşdırmaq üçün təkliflərini görürük. Hesab edirik ki, iki ölkənin davamlı razılaşma əldə etmək üçün üz-üzə danışması vacibdir”.

Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Amerikanın Cənubi Qafqazda olan mövqeyi Rusiyaya qarşıdır:
"Vaşinqton əvvəlcədən Ermənistan və Azərbaycan arasında danışıqların ikitərəfli formatda həyata keçirilməsinin tərəfdarıdır. Yəni, prosesdə üçüncü tərəfin iştirakını qəbul etmirlər. Təbii ki, ABŞ-nin özü prosesə yaxından qatılmaq istəyir. Amma məsələlərə Qərbdən üçüncü tərəflərin vasitəçilik etməsi Rusiyanın da bura qoşulmaq istəyini artırır. Hətta bir müddət öncə ABŞ regionun üç ölkəsindən biri olan Gürcüstanda danışıq proseslərin aparılmasını dəstəkləyirdi. Eyni zamanda Amerika Zəngəzur dəhlizinin  10 noyabr razılaşmasının 9-cu bəndinə  uyğun prinsipdə açılmasını dəstəkləmir. Bu isə Naxçıvana maneəsiz keçidin verilməsi məsələsini arxa plana atır. Əgər Rusiya prosesdə vasitəçi kimi iştirak etmirsə, bu  danışıqların 10 noyabr razılaşmasına uyğun aparılmayacağı deməkdir. Burada bir neçə hədəf var. Yekun məqsəd isə Şimal qonşumuzun bölgədəki təsir imkanlarını zəiflətməkdir". 

A.Nərimanlı qeyd edib ki, Cənubi Qafqazda bu cür geosiyasi mübarizə olmasa idi, Amerika  bölgədə sülhə maraqlı olardı:
" Amma son hadisələr göstərir ki, burada sülh adı altında siyasi maraqların mübarizəsi gedir. Amerika Cənubi Qafqazda Ermənistan üzərindən möhkəmlənməyə çalışır. Lakin Azərbaycan və Ermənistan arasında sülh imzalanmadığı təqdirdə, Nikol Paşinyan hakimiyyəti vasitəsilə bölgədə hansısa fəaliyyət həyata keçirməyin perspektivi yoxdur. Çünki ən önəmli məsələ kommunikasiyanın açılması və Ermənistanın Qərbə çıxışının baş tutmasıdır. Buna görə də rəsmi Bakı ilə münasibətlər yoluna qoyulmalıdır. Amerikanın təklif etdiyi ikitərəfli formatın əsas tərəfdaşı da əvvəldən Azərbaycan olub. Bununla bağlı Brüsseldə Avropa İttifaqının danışıqlarında müəyyən razılaşmalar əldə edildikdən sonra da ən çox təşəbbüslər Azərbaycan tərəfindən irəli sürülüb. Daha sonra isə Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı Tiflisin vasitəçiliyi gündəmə gətirildi. Hazırkı vəziyyətdə isə Qərb platformasında aparılacaq danışıqlarda, əsasən, Ermənistanın maraqlarının ön plana çəkildiyi görünür. Bütün bunların fonunda Amerikanın səsləndirdiyi ikitərəfli format yaxşı variant kimi görünsə belə, əsas niyyətin bu olması şübhələr yaradır. Onlar, ikitərəfli razılaşmanı istəyirlərsə, öncə Ermənistanı prosesə cəlb etməlidirlər. Buna görə də Amerika tərəfindən bu cür fikirlər ritorik xarakter daşıyır".