"Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı ilə bağlı açıqlamasında qeyd olunub. Məlumatda vurğulanıb ki, Bakı Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyir. Bu arada Ermənistan Azərbaycanın sülh sazişi üzrə növbəti təkliflərinə cavab verib. Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib ki, noyabrın 18-də Ermənistan tərəfi sülh sazişi üzrə altıncı təkliflər paketini Azərbaycan tərəfinə təqdim edib: “Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiqdir”.
Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, prinsip etibarilə Bakı sülhün əleyhinə deyil. Əksinə, sülh təklifini məhz Azərbaycan edib. Rəsmi Bakı Qarabağı işğaldan azad edib, yeni status-kvo yaranıb:
"Prezidentin köməkçisi Hikmət Hacıyev də deyib ki, sülh müqaviləsinin imzalanmasında hansısa maneə yoxdur. Bu, onu deməyə əsas verir ki, Azərbaycan sülhün əldə edilməsini istəyir. Xüsusilə ortada bir sülh sənədi var ikən, bu, mümkündür. Tərəflər bir müddətdir sülh sənədini müəyyən düzəlişlərlə bir-birinə göndərir. Son olaraq rəsmi İrəvan sülh sazişi üzrə altıncı təkliflər paketini Bakıya təqdim etdiyini açıqlayıb. Əslində, hazırda danışıqlar masasında sülh sənədinin olması barışığa inamı artırır. Lakin burada əsas problemli məqam Ermənistanı sülhdən yayındıran ABŞ və Qərbdir. H.Hacıyevin dediyi kimi, Ermənistan anlamalıdır ki, sülhün kökləri Vaşinqtonda yox, regiondadır".
Ekspertin sözlərinə görə, Azərbaycanın məsələyə yanaşması açıq-aydındır: "Rəsmi Bakı Ermənistan-Azərbaycan münaqişəsini Cənubi Qafqaz problemi kimi görür və buna görə də həlli üçün regional platformanı təklif edir. Prezident İlham Əliyevin təklif etdiyi “Tbilisi platforması” bu baxımdan ən idealıdır. Vaşinqton, Brüssel platformaları rəsmi Bakını qane etmir. Bundan başqa, adıçəkilən platformalar problemi həll etmək iqtidarında deyil. Ermənistan regionda pozitiv gündəmlə çıxış edəcəyi təqdirdə münasibətlər normallaşa bilər".