Ermənistan Azərbaycana sərhədyanı ərazidə demarkasiya komissiyasının iclasını keçirməyi təklif edib.
“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin noyabrın 21-də yaydığı açıqlamada bildirilib.
Açıqlamada Ermənistanın Azərbaycanla münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində səylər göstərdiyi qeyd olunub.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Sultan Zahidov bildirib ki, demarkasiyası, delimitasiyası və Azərbaycan Ermənistan arasında olan digər məsələlərin həlli üçün öncə sülh sazişi imzalanmalıdır:
"Yəni tərəflər arasında belə razılaşma olduqdan sonra digər məsələlər də tədricən həllini tapa bilər. Azərbaycan üçün görüşlərin harada keçiriləcəyinin önəmi yoxdur. Hətta sülh danışıqları ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yaydı ki, Azərbaycan Ermənistan şərti sərhədində belə danışıqlara hazırıq. Əsas danışıqlar və real nəticələr əldə edilsin. Eyni zamanda delimitasiyası və demarkasiyası ilə bağlı da görüşlərinin harada baş tutmasının Azərbaycan üçün zəruri əhəmiyyəti yoxdur. Amma Ermənistan tərəfindən praktikada real əməllərin şahidi olmuruq. Nikol Paşinyan hakimiyyəti bəyanatlar verərək sülhə, demarkasiya və delimitasiyaya hazır olduğunu bildirir. Ancaq praktikada bunun əksini edir və Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirir. Eyni zamanda digər ölkələrin göstərişləri ilə oturub durur. Ermənistan bəlkə də düşünür ki, Azərbaycanın 44 günlük müharibə zamanı lehinə dəyişdirdiyi qüvvələr balansını gələcəkdə xarici amillərin köməyi ilə öz lehinə dəyişə bilər. Bununla da danışıqlar masasında müəyyən istəklərinə nail ola biləcəyini güman edir. Amma bunların heç biri baş verməyəcək. Çünki Ermənistanın hamisi olan Fransanı Cənubi Qafqazda Nikol Paşinyan hakimiyyətindən başqa heç bir ölkə görmək istəmir. Eyni zamanda Fransanın Ermənistanı dəstəkləməsi onun danışıqlar masasındakı mövqeyini gücləndirməyəcək".
Ekspert qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesini yubadan məhz rəsmi İrəvanın özüdür:
" Əgər Ermənistan Azərbaycan ilə olan məsələlərinin qısa zamanda həll olunmasını istəyirsə, ilk növbədə danışıqlar masasında konstruktiv mövqe sərgiləməli və Azərbaycanın təkliflərinə müsbət yanaşmalıdır. Eyni zamanda Ermənistan Azərbaycana qarşı olan qara piardan imtina etməlidir. Əsassız şəkildə Ermənistan hakimiyyəti Azərbaycanı etnik təmizləmədə və işğalda günahlandırır. Həmçinin, Nikol Paşinyan hakimiyyəti xarici havadarlarının, xüsusilə də Fransanın göstərişləri ilə hərəkət etməkdən əl çəkməlidir. Çünki Fransanın Cənubi Qafqazda imperialist, kolonial maraqlarından başqa bir mövqeyi yoxdur. Bu maraqlarına çatmaq üçün də Ermənistandan vasitəçi kimi istifadə edir. Ermənistan bunlara əməl etdiyi halda sülh üçün real imkanlar yaranacaq. İndiki vəziyyətdə Ermənistan tərəfindən adekvat mövqenin şahidi olmuruq".