Paşinyan parlamenti yeniləyəcək?-ŞƏRH

Gələn il Ermənistanda növbədənkənar parlament seçkisinin keçirilməsi ilə bağlı siyasi dairələrdə fəal söhbət gedir. Hakimiyyət hazırda bu mövzunu müzakirə edir.
Axar.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
“Paşinyan “Mülki müqavilə”nin idarə heyətinin son iclaslarının birində yeni seçki keçirəcəyi, yenidən seçiləcəyi və parlamentin hazırkı mənzərəsini tamamilə dəyişdirib, yeni müxalifət gətirəcəyi barədə hədə-qorxu gəlib. Siyasi çevrələrdə Paşinyanın “polad mandatı” üçün növbəti dəfə inzibati resurslardan istifadə edərək, növbədənkənar seçkiyə gedəcəyi istisna edilmir”, - məlumatda deyilir.

Məsələ ilə bağlı politoloq Natiq Miri "Sherg.az"a söyləyib ki, növbədənkənar parlament seçkilərinin keçrilməsinə qərar verəcək yeganə orqan parlamentin özüdür: 

"Bu gün isə parlamentdə çoxluğu Nikol Paşinyanın rəhbərlik etdiyi " Vətəndaş Müqaviləsi" partiyası təşkil edir. Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fikirlər Qarabağ klanına bir xəbərdarlıqdır. Çünki parlamentdə əsas təmsil olunan  Qarabağ klanına məxsus Koçaryon və Sarkisyanın rəhbərlik etdiyi güc mərkəzləridir. Ona görə də bu qüvvələr ilə gələcəkdə hüquqi yöndə islahatların aparılmasının qeyri-mümkün olduğunu Nikol Paşinyan gözəl anlayır. Çünki perspektivdə Azərbaycan ilə sülh müqaviləsinin imzalanması kimi ciddi siyasi hadisələr gözlənilir. İmzalanan sülh sazişinin gələcəkdə legitimliyi üçün isə  Ermənistanın konstitusiyasında dəyişikliklərə ehtiyac var. Revanşist olan müxalif qüvvələr ilə bunun baş tutmayacağını Nikol Paşinyan bilir".

Analitik söyləyib ki, Paşinyan Ermənistanın Rusiyadan asılı olmayan və gələcək perspektivinin məhz Qərb dünyası ilə əməkdaşlıqdan keçdiyinə inanan qüvvələrin parlamentdə yer tutmasını istəyir:
"İrəvanın merliyinə seçkilərdən sonra Koçaryon və Sarkisyanın rəhbərlik etdiyi qüvvələr ana müxalifət rolunu tamamilə yeni güclərə təhvil verdi. Bu faktın özü də göstərir ki, Ermənistanda Qarabağ klanının potensialı çox aşağıdır və onların  erməni ictimai rəyində hakimiyyətə gəlmək şansı yoxdur. Ona görə də Paşinyan parlament seçkiləri zamanı  "Vətəndaş Müqaviləsi" partiyası qalib gəlsə, Avropa inteqrasiya xəttinə üstünlük verən müxalifət qüvvələrin parlamentə düşəcəyinə inanır. Bu qüvvələr ilə konstitusiya dəyişikliyi edə bilər. Çünki konstitusiyada Ermənistana problem yaradan müddəalar var. Nikol Paşinyan Ermənistan dövləti ilə qonşu ölkələr arasında normal münasibətlər sisteminin üstünə xətt çəkən müddəaların konstitusiya islahatları çərçivəsində aradan qaldırılmasına çalışır".