Bakı ermənilərin Qarabağa qayıtmasının əleyhinə deyil-Politoloq

İrəvan isə onların Ermənistanda qalmasını istəyir, çünki bundan Bakıya qarşı təzyiq kimi istifadə edəcək

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, siyasi iradə olarsa, 15 gün ərzində İrəvanla Bakı arasında sülh sazişi imzalamaq mümkündür. Onun sözlərinə görə, bütün fundamental məsələlər üzrə beynəlxalq hüquqa və bərabərlik prinsipinə əsaslanan razılıq əldə olunub. Həmçinin Simonyan əlavə edib ki, hazırda Ermənistan və Azərbaycan liderləri arasında görüş barədə razılıq yoxdur. Spikerin sözlərinə görə, Ermənistan bununla bağlı istənilən təklifi müzakirə etməyə hazırdır.
 
 Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, 15 gün ərzində sülh sazişinin imzalanması mümkün deyil. Analitikin fikrincə, bu tezlikdə bir sülh imzalansa belə, yalnız ilkin saziş ola bilər. Yekun sülh müqaviləsinin imzalanması üçün hələ çox tezdir: 
"Prinsip etibarilə rəsmi Bakı yekun sülh sazişinin tez bir zamanda imzalanmasını istəyir. Lakin “anklav, eksklav”, “sərhədlərin delimitasiya və demarkasiyası”, “Ermənistanla Azərbaycan arasında kommunikasiya xətlərinin açılması”, “təzminat məsələsi” və s. mövzularla bağlı hələ ki razılığa gəlinməyib. Buna baxmayaraq, bəzi fundamental məsələlər barədə razılığa gəlinə bilər. Danışıqlar prosesində masada bir sülh sənədi var və bu sənəd davamlı şəkildə düzəlişlər edilərək İrəvan və Bakı arasında gedib-gəlir. Bunu isə müsbət məqam kimi qiymətləndirmək olar. İkincisi, Simonyan deyib ki, ən azı yaxın perspektivdə ermənilərin Xankəndiyə, Şuşaya və ya digər “tarixən yaşadıqları yaşayış məntəqələri”nə qayıtması mümkün deyil. Prinsip etibarilə Azərbaycan tərəfi ermənilərin Qarabağa qayıtmasının əleyhinə deyil. Lakin Simonyan bu baxımdan haqlıdır ki, ermənilər yaxın perspektivdə Qarabağa qayıtmayacaq. Rəsmi İrəvan Qarabağ ermənilərinin demoqrafik baxımdan Ermənistanda qalmasını istəyir. Bundan başqa, onlar üzərindən Bakıya qarşı təzyiq kimi də istifadə etmək məqsədi güdür. 2024-cü ilin ikinci yarısına kimi ermənilərin Qarabağa qayıtmayacağı təqdirdə onların ümumi mənada geri dönməyəcəyini demək olar. Üçüncüsü, Simonyan Azərbaycanın Ermənistanın 31 kəndini tamamilə və ya qismən işğal etdiyini deyib. Aydın məsələdir ki, bu iddia həqiqəti əks etdirmir. Əksinə, bu gün Qazaxın 7, Naxçıvanın Kərki kəndi Ermənistanın işğalı altındadır".
  
Ekspertə görə, Simonyanın fikri ən yaxşı halda belə izah oluna bilər:
 "Azərbaycan Ermənistanın 31 kəndinə nəzarət edir. Yəni söhbət vizual nəzarətdən gedir. Ordumuz hakim olduğu yüksəkliklər sayəsində nəinki Ermənistan kəndlərini, hətta bəzi iri şəhərlərini belə nəzarətdə saxlaya bilir. Simonyanın bu açıqlamaları diqqət çəksə də, reallıqdan uzaqdır. Əsas məsələ onun məhz indiki məqamda bu açıqlamaları verməsidir. “31 kənd” iddiası danışıqların növbəti dəfə dalana dirənməsinə səbəb ola bilər".
İsmayıl