Yaxşı olar ki, litvalı deputatlar sərhədə getməkdənsə, gedib bu mədəniyyət nümunələrinə baxsınlar
Qərbi Azərbaycan İcması Litvadan olan bir qrup deputatın Ermənistan-Azərbaycan sərhədinə baş çəkməsinə münasibət bildirib. Qurum yaydığı bəyanatda vurğulayıb ki, Litvadan olan bir qrup deputatın Ermənistan-Azərbaycan sərhədinə baş çəkməsi və son vaxtlar Avropa İttifaqı ölkələrindən olan rəsmilərin Aİ-nin Ermənistandakı missiyası ilə görüşərək durbinlə Azərbaycana baxmaq kimi yersiz praktikası qəbuledilməzdir. Qeyd olunub ki, Litva bütün müstəvilərdə Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir: "Yəqin ki, bir neçə il öncə litvalı diplomatlar keçmiş münaqişədə əraziləri işğal olunan Azərbaycanı deyil, işğalçı Ermənistanı dini zəmində dəstəklədikləri barədə yayılmış səs yazısından xəbərdardırlar. Litvalı deputatlara xatırladırıq ki, onların baş çəkdikləri ərazilərin əksəri azərbaycanlıların deportasiya edildiyi kəndlərdir. Səlibçi mentalitetli litvalı deputatlar Cənubi Qafqazda macəra axtarmaq, Don Kixotluq etmək əvəzinə, qoy gedib öz ölkələrində sıxışdırılan etnik azlığın hüquqlarının qorunması ilə məşğul olsunlar".
Millət vəkili, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu "Sherg az"a açıqlamasında deyib ki, litvalı deputatların Ermənistan-Azərbaycan sərhədinə gedərək orada guya ki, hər hansı bir missiya yerinə yetirdiklərini nümayiş etdirmələri tamamilə yersizdir. Deputat diqqətə çatdırıb ki, Litva Baltikyanı ölkəsi olaraq bir növ qərbpərəstlik edir:
"Əslində isə Litva nə Qərb, nə də Avropa kimi görünür. Görünür, litvalı deputatlar mənəvi ehtiyac duyurlar ki, özlərini "Qərbin bir parçası" kimi nümayiş etdirsinlər. Ancaq bunu bacarmırlar. Litva həmişə Ermənistan-Azərbaycan arasındakı münasibətlərə islamafobiya çərçivəsindən, səlibçi yürüşü fəlsəfəsindən baxıb. Belə davranışları onların siyasi psixologiyalarında özlərini təsdiq etmək ehtiyacına bağlıdır. Bu, natamamlıq kompleksidir. Litva o qədər kiçik bir ölkə, deputatların mövqeyi o qədər əhəmiyyətsizdir ki, əslində buna fikir verməmək də olar. Amma madam ki, belə bariz şəkildə haqq-hüququ, ədaləti, beynəlxalq münasibətlərin tələblərini bunlar gözardı edirlərsə, onlara elə bu şəkildə cavab vermək lazımdır. Ona görə də düşünürəm ki, Qərbi Azərbaycan İcmasının litvalı deputatların hərəkətləri ilə bağlı açıqlaması tamamilə yerindədir".
Parlament üzvü vurğulayıb ki, hər bir ölkə beynəlxalq hüquqa, ərazi bütövlüyü prinsipinə, xalqların müxtəlif coğrafiyalarda yaratdıqları maddi-mədəni irs nümunələrinə hörmət etməlidir:
"Qərbi Azərbaycanda Azərbaycan xalqı maddi və mənəvi irs yaradıb. Yaxşı olar ki, litvalı deputatlar Ermənistan-Azərbaycan sərhədinə getməkdənsə, gedib orada azərbaycanlıların yaratdığı böyük mədəniyyət nümunələrinə də baxsınlar. Bəlkə onlarda obyektiv təsəvvür yaranır. Özü də bunu görmək üçün Ermənistan-Azərbaycan sərhədinə gəlmək lazım deyil. Elə İrəvanda, Ermənistanın paytaxtında hara baxsalar, bu mədəniyyət nümunələrini görə bilərlər".