Sərhəd görüşündə Bakının tələbləri olub -Hansılardır?

Azərbaycan beynəlxalq konvensiyalar çərçivəsində öz ərazilərini bərpa etməyə qadirdir və hazırda da buna çalışır


  Azərbaycan-Ermənistan sərhədində iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi komissiyaların iclası keçirildi. Hər iki ölkədə diqqətlə izlənilən görüş şərti sərhədin Qazax rayonu və Tavuş vilayəti hissəsində baş tutdu. 3 saat davam edən sayca beşinci görüşün nəticəsi olaraq tərəflər iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətnini ilkin olaraq razılaşdırdılar. Eyni zamanda komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılmasına qərar verildi. Ermənistan XİN-in yaydığı məlumatda da oxşar fikirlər yer aldı. Bildirildi ki, tərəflər sərhədin delimitasiyası məsələlərinin müzakirəsini davam etdiriblər. Bir sıra təşkilati və prosedur məsələləri həll ediblər. Vurğulanıb ki, komissiyaların növbəti iclasının tarixini və yerini işçi qaydada dəqiqləşdirmək razılaşdırılıb. 
  Görüşlə bağlı "Sherg.az"a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, sərhədlərlə bağlı komissiyaların yaradılması və mütəmadi görüşlərin keçirilməsi önəmli məsələdir. Amma ekspertə görə, burada bir sıra məsələlər var: 
"Problem Ermənistan tərəfinin, yəni onları təmsil edən komissiyasının öz fəaliyyətinə hansı dərəcədə səmimi yanaşacağı ilə bağlıdır. Ermənistan 30 ildən artıqdır Azərbaycan ərazilərini işğalda saxlayıb. Hazırda səkkiz kəndimiz - Qazaxın yeddi kəndi və Sədərəyin Kərki kəndi işğal altındadır. Ümumiyyətlə, müharibə başlayandan Azərbaycan-Ermənistan arasında ciddi sərhəd böhranı olub. Ermənilər Azərbaycanın bir sıra ərazilərinə girmişdilər və nəzarət altına almışdılar. Şübhəsiz, Azərbaycan beynəlxalq konvensiyalar çərçivəsində öz ərazilərini bərpa etməyə qadirdir və hazırda da buna çalışır. Ermənistan işğalçılıqdan, utopik fikirlərdən əl çəkərək, komissiyanın səmərəli şəkildə fəaliyyət göstərməsinə və nəticə əldə olunmasına maraq göstərməlidir. Elə olarsa, bu məsələlər müsbət həllini tapacaq".