Bu il olmasa belə, yaxın dönəmdə imzalar mütləq atılacaq
“Növbəti mərhələlərdə danışıqları neytral platformalarda davam etdirmək olar”
"Biz nəinki Qarabağ ermənilərinin geri qaytarılması məsələsində razılığa gəlmişik, hətta başqa məsələlər də var". Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. O bildirib ki, sülh müqaviləsinin 70 faizi razılaşdırılıb və siyasi iradə olarsa, çox qısa müddətdə imzalana bilər. Qriqoryanın sözlərinə görə, Azərbaycanla razılaşdırılmamış başqa məqamlar da var: "Düşünürəm ki, xarici işlər nazirlərinin yaxın gələcəkdə gözlənilən görüşü bütün məsələlər üzrə həll yollarını axtarmaq və tapmaq üçün fürsət olacaq. Ermənistan həll yollarını axtarmağa və sülh sazişini başa çatdırmağa hazırdır. Son versiya budur ki, Ermənistan təkliflərə cavab verib və hesab edirəm ki, o, bəzi məsələləri həll edir". Təhlükəsizlik Şurasının baş katibinin fikrincə, ümumilikdə sülh müqaviləsi Ermənistanın maraqlarını əks etdirir. Lakin problem ondadır ki, bir yandan sülhdən danışan Ermənistan paralel olaraq hərbi xərclərini artırır və Qərb ölkələrinin, xüsusən Fransanın əliylə silahlanmaqda davam edir.
Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Ermənistanla münasibətlərin qısa zamanda tənzimlənməsində maraqlıdır. Deputatın sözlərinə görə, rəsmi Bakı vasitəçisiz danışıqların daha uğurlu platforma olduğunu dəfələrlə bəyan edib:
"Ermənistan vasitəçisiz danışıqlar aparmaqdan imtina edib və Qərbin dəstəyi ilə prosesdə hansısa üstünlüyə nail olmağa çalışıb. Zaman Azərbaycanın bəyan etdiyi platformanın daha uğurlu olduğunu sübut etdi. 7 dekabrda tərəflər arasında əldə olunmuş razılıq birbaşa danışıqların uğurudur. Demək olar ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində yeni səhifə açıldı. Ermənistan COP 29-a ev sahibliyində namizədliyini Azərbaycanın xeyrinə götürərək bizi dəstəklədi. Azərbaycan da Ermənistanın Büro üzvlüyünə namizədliyini etimad mühitini gücləndirmək məqsədilə dəstəklədi. Sülh danışıqlarının müzakirə mövzusu ilə bağlı mövqelərimiz yaxınlaşmaq üzrədir. Növbəti mərhələlərdə danışıqları neytral platformalarda davam etdirmək olar. Ən effektli platforma birbaşa təmaslardır".
Parlament üzvü vurğulayıb ki, Ermənistan sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bildirsə də, hərbi büdcəsinin artırıldığını, yeni silahların idxal edildiyini müşahidə edirik:
"Düzdür, Ermənistanın bu addımları sülhə ziddir. Amma ermənilərin aldığı 5-10 zirehli maşın, radar sistemi Azərbaycan Ordusu ilə yenidən müharibə etmək gücünə yiyələnmək deyil. Azərbaycan Ordusu öz gücünü döyüş meydanında dəfələrlə sübut edib və hər gün müasir silahlar alınmaqla peşəkarlığını daha da artırır. Yaxşı olar ki, Ermənistan büdcəsindəki 5-10 manatını silah-sursata verməkdənsə, sosial vəziyyəti pis gündə olan əhalisinin rifahına xərcləsin. Reallıq odur ki, regionda sülh və əmkdaşlığın alternativi yoxdur. Bu il olmasa belə, yaxın dönəmdə mütləq reallaşacaq".