Azərbaycanın yürütdüyü çoxvektorlu xarici siyasəti səmərəlidir
Beynəlxalq arenada müstəqil siyasət yürütməyə bundan sonra da davam edəcəyik
Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyası kimi mötəbər bir KİV-də müsahibəsinin yer alması mühüm hadisədir. Çünki “Euronews” televiziyası beynəlxalq ictimai rəyin formalaşdırılmasında ən fəal rol oynayan qlobal media qurumlarından biri kimi tanınır. Prezident “Euronews”-un yaratdığı fürsətdən səmərəli surətdə yararlanaraq həm sülh gündəliyinə dair çağırışları səsləndirdi, həm də Azərbaycanın son 30 il ərzində keçdiyi inkişaf yolu, iqtisadi potensialı və gələcək inkişaf perspektivlər haqqında ətraflı təsəvvür formalaşdırdı. Başqa sözlə desək, İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi Azərbaycanın uğurlu təqdimatı və tanıtımı oldu. Azərbaycan həqiqətləri və ölkəmizin dünyada etibarlı tərəfdaş kimi qəbul olunması faktı “Euronews” üzərindən hamıya bəyan edildi.
Siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında deyib ki, dövlət başçısı uğurlarımızın başlıca amillərdən biri olaraq müstəqil, milli maraqlara əsaslanan siyasət yürüdülməsi prinsipinin dayandığını vurğuladı. Hazırda ən mühüm vəzifələrimizdən biri kimi ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirlərdən və daxili işlərimizə müdaxilələrdən qorumağın vacibliyini qeyd etdi:
"Dövlət başçısı ölkəmizdə siyasi sabitliyin hökm sürdüyünü bildirdi. Qeyd olundu ki, sabitlik olmasa, investisiya, iqtisadi inkişaf və təhlükəsizlik olmaz. Bu, hər bir ölkənin sosial-iqtisadi inkişafının təməl düsturudur. Ona görə də Azərbaycanı istənilən qeyri-sağlam rəqabətdən, geosiyasi təhdidlərdən və ya böyük dövlətlərin toqquşmalarının fəsadlarından qorumaq üçün lazımi addımlar atılır. Müsahibədə həmçinin Azərbaycanın bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edildiyi qeyd olundu. Təsadüfi deyil ki, son iki ildə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında fəal qarşılıqlı əlaqələr misli görünməmiş dərəcədə sıxlaşıb. Azərbaycanın Mərkəzi Asiyada investisiyaları və Mərkəzi Asiyanın da Azərbaycanda investisiyaları qarşılıqlı surətdə durmadan artır. SPECA Proqramına üzv olan və müşahidəçi qismində qatılan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var və biz bu əməkdaşlığın real nəticələrini görürük. Effektiv xarici siyasət nəticəsində Avropadan olan tərəfdaşlarımızla, müttəfiqlərimizlə də əlaqələrimiz durmadan genişlənir və bizim Avropa təsisatları ilə də münasibətlərimizin öz müsbət dinamikası var. Eləcə də, Azərbaycanın müsəlman ölkələri ilə münasibətləri də əsl həmrəylik və tərəfdaşlıq nümunəsi hesab edilə bilər. Bir sözlə, Cənab Prezident müsahibəsində “Euronews” auditoriyasının diqqətinə çatdırdı ki, Azərbaycanın yürütdüyü çoxvektorlu xarici siyasəti səmərəlidir. Və biz beynəlxalq arenada müstəqil siyasət yürütməyə bundan sonra da davam edəcəyik".
Analitikin fikrincə, Azərbaycanın xarici siyasətində heç şübhəsiz ki, əsas prioritet istiqamətlərdən birini də məhz Qoşulmama Hərəkatına önəmli geosiyasi instrument kimi yanaşmağımız faktoru təşkil edir:
"Dövlət başçısı “Euronews”-ə müsahibəsində Qoşulmama Hərəkatının hazırda dünya siyasətində aparıcı aktorlardan birinə çevrilməsində Azərbaycanın oynadığı rolu barədə danışaraq bildirdi ki, artıq dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Beynəlxalq birliyə daxil olan 200-dən artıq ölkənin əksəriyyəti Azərbaycanı dəstəkləyir. Bu da effektiv xarici siyasətin bariz nəticələrindən biridir. Prezident onu da vurğuladı ki, Azərbaycanın öz qonşuları ilə münasibətləri dostluğa və qarşılıqlı marağa əsaslanır. Yalnız torpaqlarımızı 30 il işğal altında saxlamış Ermənistanla hər hansı münasibətlər mövcud deyil. Ermənistanın havadarları bu gün də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, bölgədə dayanıqlı sülhün bərqərar olmasına fəal surətdə mane olurlar. Əfsuslar olsun ki, rəsmi İrəvan özü də bir çox hallarda Fransa kimi ölkələrin şirnikləndirici vədlərinə inanıb sülhü sabotaj etməyə cəhd göstərir. Lakin İlham Əliyev regionda və dünyada gedən prosesləri təcrübəli strateq kimi düzgün dəyərləndirərək Ermənistanın hazırkı rəhbərliyinə zamanın onların əleyhinə işlədiyini bildirdi. Prezidentin “Euronews”-ə müsahibəsi Azərbaycanın sözdə deyil, real surətdə sülhpərvər olduğunu xarici auditoriyanın diqqətinə çatdırmaq baxımından da olduqca əhəmiyyətlidir. Dövlət başçısı bildirdi ki, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən əsas təşəbbüskar tərəf Ermənistan yox, ilk növbədə məhz Azərbaycandır. Sülh sazişinin beynəlxalq hüquqa əsaslanan ilkin şərtləri də məhz Azərbaycan tərəfindən rəsmi İrəvana təqdim edilib. Azərbaycan sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipi hazırlayıb. Sözügedən 5 prinsip birmənalı olaraq beynəlxalq hüquqa əsaslanır".
Ə.Hüseynov diqqətə çatdırıb ki, müsahibədə diqqətçəkən məqamlardan biri də İlham Əliyevin rəsmi İrəvanın indi daha inamlı şəkildə Azərbaycanla sülh istiqamətində real addımlar atacağına ümid bəslədiyini ifadə etməsi oldu:
"Suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Prezident müsahibəsində həmçinin Ermənistandan qovulan azərbaycanlılarla bağlı bildirdi ki, Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. İlham Əliyev Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıdışı prosesinin də birmənalı olaraq ədalətli və beynəlxalq hüquqa əsaslanacağını xüsusi olaraq vurğuladı. Əgər Ermənistandan qovulmuş azərbaycanlı məcburi köçkün ora geri qayıtsa, o, Qərbi Azərbaycan Respublikasının sakini olduğunu deməyəcək. Yəni ki, Qərbi azərbaycanlılar geri qayıtdıqdan sonra Ermənistan hökumətinə qarşı ərazi iddiası qaldırmayacaq. Bu da Azərbaycanın guya Ermənistana müdaxilə etməyə, Zəngəzuru ələ keçirməyə hazırlaşması barədə cəfəng iddiaları ortaya atan qüvvələrə tam aydın şəkildə verilmiş cavab mesajı hesab olunmalıdır. Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə qəsd etmək niyyəti yoxdur.
Ermənistan da Qarabağ ermənilərinin hüquqları məsələsini əlində bəhanə edərək Azərbaycanın iç işlərinə qarışmaq praktikasına son qoymalıdır".