Azərbaycan-Lüksemburq ikitərəfli əlaqələrinin perspektivləri müzakirə olunub

Azərbaycanın Belçikada və Lüksemburqdakı səfiri Vaqif Sadıqovun Lüksemburqda oktyabr ayında keçirilmiş son parlament seçkilərindən sonra parlamentin yeni sədri Klod Uiseler ilə görüşü baş tutub.

AZƏRTAC xəbər verir ki, Klod Uiseleri parlamentin yeni sədri seçilməsi münasibətilə təbrik edən səfir Vaqif Sadıqov Azərbaycan-Lüksemburq əlaqələri, həmçinin Avropa İttifaqı-Azərbaycan münasibətləri haqqında məlumat verib.

K.Uiseler ötən illərdə nəqliyyat naziri qismində Azərbaycana səfərini məmnunluqla xatırladığını bildirib.

Sonra Lüksemburq parlamentinin sədri və Azərbaycan səfiri ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin perspektivləri haqqında fikir mübadiləsi aparıblar, eyni zamanda, ümumi əlaqələrin mühüm elementi olan siyasi, iqtisadi və parlamentlərarası münasibətlərin genişləndirilməsinin imkanlarını müzakirə ediblər.